Şair Fərqanə Mehdiyevanın “Daş yonanla söhbət”
şerini oxuyarkən.
Ümid toxu sözlərimdən,
Kədərli, qəmli şerinə.
Nəm qarışır gözlərimdən,
Bu kövrək, nəmli şerinə.
Sevinci yuxutək yozma,
Qəlb möhtacdır təsəlliyə.
Dərdi belə gözəl yazma,
Dərd öyrəşər gözəlliyə.
Bu gərdiş belə qurulub,-
Qalarmı heç daş yonan ac?
Sevinc də qəmdən yorulub,
Hərdən ona qəlbini aç.
Sevinc ürkək, qəm ərklidir,-
Vəsf edirsən acı-acı.
Onsuz da dərdin şəklidir,
Gördüyümüz dünya, bacım.