mm

Şəhidlərimizə

Al qanınız bu torpağa qarışdı,
Qismətiniz bəxtinizlə barışdı,
Sizi gələn hər əsgərdən soruşdu,
Təkcə ana inanmadı, aman, hey…

İllər, yaman vəfasızsız, ay illər,
Dünən axı, qönçə idi bu güllər,
Nisgil haçan soyuyubdur, ay ellər,
Ömrü boyu yanacaqdır yanan, hey…

Haray salmaz, ürək dərddən kiriyər,
Tüstülənməz, yanar, yanar, əriyər,
Daş-divarlar ayaq açıb yeriyər,
Bir anaya dar gələndə cahan, hey…

Ana çəkər dağdan ağır bu dərdi,
Dağ dərdini dağ çətin ki, çəkərdi,
Yetim görüb bürüyərdi, bükərdi,
Bu nisgili zaman adlı duman, hey…

Xəzan keçər, qar ələnər yollara,
Qəm sığışmaz qucaq-qucaq qollara,
Bahar gələr yamaclara, yallara,
Mürgüləyər zirvədə bir güman, hey…