10646868_273655359498567_6620189188081019440_n

Hər dərdə, möhnətə dözürük elə,
Eşqin dəryasında üzürük elə.
Mən sənsiz, sən mənsiz-gəzirik elə,
Dolaşır səsimiz bəmdə havalı,
Sən də havalısan, mən də havalı.

Çəməni adlayıb, bağı aşıram,
Solu ötürürəm, sağı aşıram.
Dərəni keçirəm, dağı aşıram,
Gəzirəm dumanda, çəndə havalı.
Sən də havalısan, mən də havalı.

Baxma ki uzaqdır gözüm gözündən,
Əlim tellərindən, üzüm üzündən,
Ruhum səndə qalır, canım özümdə,
Gəlirəm pərişan kəndə- havalı,
Sən də havalısan, mən də havalı.

Göylərə od qalxır könül ahımdan,
Yandırdım hər yanı, keç günahımdan.
Yaradan Tanrının haqq dərgahında,
Varmı, bizim kimi bəndə- havalı?
Sən də havalısan, mən də havalı.