Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

ALA YURDUMU

Gülü dərilməyib təzə tər qalıb,
Ürəkdə nisgil var dərdi sər qalıb.
Düşmən tapdağında Kəlbəcər qalıb,
Bir oğul gəzirəm ala yurdumu,
Səliqə səhmana sala yurdumu.

Lənət o anlara, lənət günlərə,
Dilə gəldi o gün o dağ, o dərə.
Əldən getdi Ağdam, Laçın, Ağdərə,
Bir oğul gəzirəm ala yurdumu,
Səliqə səhmana sala yurdumu.

Dərbənd rus əlində, Şuşa dığada,
Füzuli, Cəbrayıl qalıb yağıda.
Gör kimlər oynadır at Qubadlıda?!
Bir oğul gəzirəm ala yurdumu,
Səliqə səhmana sala yurdumu.

Ruhumu incidir Qazan Bayandur,
Deyir oğuz oğlu qalx ayağa dur.
Çağırır Xocalı, Göyçə, Zəngəzur.
Bir oğul gəzirəm ala yurdumu.
Səliqə səhmana sala yurdumu.

Hər şeyin öz adı var öz adında.
Xocavənd, Xankəndi qalsın yadında.
Silinməz iz qoysun qoy yaddaşında.
Bir oğul gəzirəm ala yurdumu,
Səliqə-səhmana sala yurdumu.