mm

MİLLƏTİM

Küsmə taleyindən, baxtından, oyan,
Çox keçib durğunluq vaxtından, oyan,
Enmə Şah İsmayıl taxtından, oyan,
Qorqud ümidini, qırma millətim.

Tarix ələyindən çıxmısan narın,
Dünyaya bəllidir üzün, astarın,
Düşmənin nə qədər olsa da harın,
Önündə boynunu burma, millətim.

Ləkədir yurdunda köçkünlük sənə,
Nə verdi bu süstlük, üzgünlük sənə,
Yaraşmır baxtından küskünlük sənə,
Əlləri qoynunda durma, millətim.

Olma ehtiyaca, olma kölə sən,
Namərdlər önündə susma belə sən,
Qarşıda aşrım çox, kükrə hələ sən,
Özünü enişdə yorma, millətim.

Bəsdir, yarı yolda qurdun bardaşı,
Səbrlə göyərtdin o qara daşı,
Qoyma ki, korşala tarix yaddaşı,
Özünü özgədən sorma, millətim.

RAMİL

Neftçala rayonunun Aşağı Qaramanlı kəndindən
Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş
zabitimiz leytinant İmanov Ramil Davud oğlunun əziz xatirəsinə.

Vətən sevgisindən, məhəbbətindən,
Təpər, dözüm aldı, güc aldı Ramil.
Öz zabit adına şərəf gətirdi,
Qüdsal əməliylə ucaldı Ramil.

Vətənə xidmətdi müqəddəs andı,
Daim bu eşq ilə alışdı, yandı,
Yurdun keşiyində sayıq dayandı,
Hər dəfə düşməndən öc aldı Ramil.

Bildi torpağına həyan ömrünü,
Şərəflə yaşadı cavan ömrünü,
Ləyaqətlə verdi qurban ömrünü,
Vaxtdan ölməzliyi bac aldı Ramil.

Sevib inandığı saf ülviyyətdən,
Azadlıq amallı bəşəriyyətdən,
Sonsuz ucalıqdan, əbədiyyətdən,
Şəhidlik adında tac aldı Ramil.

Ömrünə bənzəyir solmaz çiçəklər,
Ruhunu hifz edir göydə fələklər,
Çaldıqca əbədi layla mələklər,
Cəsur ürəklərə saçıldı Ramil.