tm

SÖZ ETSİN

Qədərsiz sevginə ümman kimiyəm,
Eşqinlə, sevdanla doldur nəhrimi.
Sevdanın acıyam, uman kimiyəm,
Gətir sevincimi, itir qəhrimi.

Hələki uzaqsan, əlim çatmayır,
Ruhumdu ruhunun qonağı olan.
Gecələr dincəlmir, yazır, yatmayır,
Könüldü fəraqdan saçımda solan!

Yanıbdı bu saçlar kədər közündə ,
İtirib rəngini olub bımbəyaz .
Qəlbimi ehtiva edir özündə,
İçində payızdı, nə bahar, nə yaz.

Saçıma sığal çək, rəngi durulsun,
Əlinin təması külü köz etsin.
Könlümdə sevgidən xeymə qurulsun,
Dilə düşsün bu eşq, bilən söz etsin!

SEVGI – MƏHƏBBƏT

Bir dayan, doyunca baxım üzünə,
Rəsmimi həkk edim qumral gözünə,
“Sevmək nə gözəldi “- söylə özünə,
Həyat cövhəridi sevgi – məhəbbət!

Sevgi – məhəbbətlə ömr edir əyyam,
Bu eşqə, sevgiyə eyləmə qiyam,
Cahan gövhəriyik söyləmiş Xəyyam,
Duyğu gövhəridi sevgi – məhəbbət!

Qəlbləri dolduran ümman kimidi,
Könüldə inləyən kaman kimidi,
Elə yer kimidi, zaman kimidi,
Bəşər məhvəridi sevgi – məhəbbət!

Tanrının sevgisi yaratdı onu,
Ülvi məhəbbətdi həm canı, donu,
Sevgi bərqərarsa yetişməz sonu,
Cahandan bəridi sevgi – məhəbbət!

Atır səhralara Məcnun da edir,
Çaldırır sazını Cünun da edir,
Şeir də yazdırır, məmnun da edir, )))
Şair şeiridi sevgi – məhəbbət!

18. 10. 2016