0830

Bu günkü müzakirə obyektim və mövzum Ramil Mərzili, onun kimliyi, yaradıcılığı və “Kimsə bilməsin” kitabı olacaqdır…

İlk növbədə, təbrik edirəm Ramil qardaşımı…

Dünən AYB-də imza günündə iştirak etdim… Çıxış üçün söz verilməliydi, imtina etdim, çünki sözüm çox idi, yazmağı üstün bildim…

Mənim üçün yaradıcı insanın uğuru yaradıcılıq məhsulunu insanlara düzgün çatdıra bilməsi, təqdim etməsi, yaşadıqlarını və nə demək istədiyini ifadə edə bilməsidir. Ramil yaradıcılığında bunu bacarır. Kədəri də, vətən sevgisini də, ailəyə bağlılığı, qadına sevgisi, həsrətini, sevincini də şeirləri vasitəsilə ötürə və yaşatdıra bilmişdir oxucularına…

Kitabını iki dəfə oxudum…

Yaxşı yadımdadır… Bizi birləşdirən dəyər, dəyərli yazar dostumuz, jurnalist, publilist, tənqidçi və yenibaxis.az saytının baş redaktoru və təsisçisi Aysel Abdullazadə olmuşdu… Ramilin Kitabevimdə olan kitab təqdimatına məhz Aysel dəvət etmişdi. Ramili tanımırdım, yaradıcılığı ilə ancaq saytdan tanış idim… Aysel təriflədi, mən inanmadım… İnadkarlıqla deyirdim: “heç bəyənmədim Ramil bəyi, bura sənə görə gəlmişəm Aysel”…

Söz verdi mənə çıxış etmək üçün, şəxsən tanışlığımız olmasa da, kitabın adını düzgün seçmişdi… Kimsə bilməsin… Kitabı oxuyan hər kəs bildi, onun nə demək istədiyini, hiss və fikirlərini…

Deyirlər: “İlk təəssürat aldadıcı olur”… Razıyam… İlk baxışdan çox qəmli, kədərli, soyuq, özündən razı görsənən Ramili bəyənməmişdim… Neqativ enerji gəlirdi mənə… Mən axı pozitiv insanam…

Sonra sosial şəbəkədə dostlaşdıq, ünsiyyətimiz başladı, qısa zamanda dostlaşdıq, yanıldığımı anladım və əslində Ramilin necə insan olduğunu gördüm…

Ramilin kimliyi geniş mövzudur, tənqidçiyəm, tərifləmək istəmirəm… Tənqid edəcəyim bir tərəfi əslində kədərli görsənməsi, kədəri içində yaşaması, əslində isə dostları ilə şən və mehriban görsənməsidir… Kədərli olmasıdır, dərd çəkməsidir…

Ən böyük arzum Qarabağımızın geri qaytarılması, ərazi bütövlüyümüzün bərpası, kitabımın təqdimatının Şuşada edilməsidir… Qarabağımda olmaq istədim… Sağ olsun, dostumuz Ruslan Nadir, təşkil etdi, getdik.

Deyirlər, “filankəs necə adamdır?”, cavabı “yol yoldaşı olmamışam bilmirəm, davada olmamışam, bilmirəm”dir. Qarabağda bizi Ramil və Vüsalə Süleyman, Veys qarşıladı… Ramillə Qarabağda yol yoldaşı da olduq, müharibə şəraitində, təhlükə altında da olduq hər an, qorxmadıq, qaçmadıq…

Kimsə bilməsin… Bir sirrdir… İnsanın həm paylaşmaq istədiyi, həm də paylaşmaq istəmədiyi bir sirr… Stop düyməsi kimi… İstəyirsən, basıb dayandırasan, ya da ki, basmayıb, davamını bilmək istəyirsən… “Kimsə bilməsin” də insanın özünə və ya artıq paylaşdığı gizli sirri haqqındadır… Özünə deyirsən ki, bu yalnız mənə aiddir, kimsə bilməməlidir, ya da ki, dostuna etibar edib, paylaşır, deyirsən, amma şərt qoyursan, xahiş edirsən “kimsə bilməsin”…

Ramilin kitabını oxuduqca, Tənha qadını sevdim, Vurmadığın şilləni sevdim, özümü gördüm… Yaşadım, hiss etdim…

Əsəd Cahangirin dünənki çıxışında sözünə qüvvət olaraq, demək istəyirəm ki, yaradıcı insanın muzası iki halda gəlir: Ya sevinc və xoşbəxtliyin zirvə nöqtəsində, ya da kədər və bədbəxtliyin zirvə nöqtəsində… Hər bir nöqtə maksimum olur, yaşayırsan, yazırsan, yaradırsan… Sevinc və xoşbəxtliyi yaşayanda tənqid, tərif, sevgiyə qovuşma, satira, yumoristik yazılar çıxır, kədər və bədbəxtliyi yaşayanda göz yaşı, dərd, nakam sevgi, həsrət, ayrılıq, iztirab, əzab…

Ramil Mərzilinin şeirlərini oxuduqca, nəzirələr və ya cavab yazmağa, ilhamlanıb o mövzunu inkişaf etdirməyə, həmin mövzu üzrə esse, publisistik məqalə, köşə və bloq yazısı yazmağa başladım… Məsələn Tənha qadın şeirinə…

Ramilin söz ehtiyatı var və mövzunun bədii təsvir imkanları mövcuddur, fikirlərində təkrarlanmır.

Şeirlərində sevgi və qadın obrazına gəlincə, əsl yaradıcı insan odur ki, real həyatda yaşamadığını yaratdığı işdə yaşadır, yaşayır və yaşatdırır… Ramil yazılarında poetik sevgi və poetik qadın obrazını yaratmış və poetik sevgisini poetik qadınına həsr etmişdir…

Şərt deyil ki, yaradıcı insanın yaratdığı və ya yazdığı onun şəxsi həyatı və ya şəxsi iç dünyası ilə bağlı olsun, müşahidə, araşdırma, digər insanların həyatından götürmə halları da ola bilər…

Ramil o qədər həssas, duyğulu və gerçək yazır ki, şeirlərini yaşamamaq olmur, duyğulanmamaq və şeirlərinin təsiri altına düşməmək olmur…

Hər kəsə bu kitabı oxumağı və Ramil Mərzilinin yaradıcılığı ilə tanış olmağı tövsiyyə edirəm.

Gün o gün olsun, növbəti kitablarını Ağdamda, Şuşada, Xankəndində və digər Qarabağ torpaqlarında ardıcıl olaraq təqdimatını təşkil edək.