gulnarxanim

29 may 2016-cı il tarixində saat 14:00-da paytaxtın Nəsimi rayonunda yerləşən AK Centerin ikinci mərtəbəsində “Kitabevim.az” mağazasında Azərbaycan Yazıçılar Birliyi tərəfindən həyata keçirilən “aybkitab” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun doktorantı, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc xanım yazar Gülnar Səmanın “Gül” kitabının təqdimat mərasimi keçirilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə müəllifin qələm yoldaşları və yaxın dostları da iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, ədəbiyyatşünas müəllif Gülnar Səma ilk növbədə, tədbir iştirakçılarını salamlayaraq, dəvəti qəbul edib, tədbirdə iştirak etdikləri üçün hər kəsə təşəkkür edib, “aybkitab” layihəsi çərçivəsində işıq üzü görən yeni kitabı haqqında ətraflı məlumat verib bildirdi ki, layihə Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gənclər Şurasının sədr müavini, şair-publisist Xəyal Rza tərəfindən həyata keçirilir. Layihə çərçivəsində bu günə qədər onlarla gənc nəslin nümayəndələrinin yeni kitabı nəfis tərtibatla çap olunaraq, ədəbiyyatsevərlərin ixtiyarına verilib. Kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə xüsusi təşəkkürünü bildirdi. Kitabın redaktoru şair İbrahim İlyaslı Gülnar Səmanı yeni kitabının təqdimat mərasimində çıxış edən tədbir iştirakçılarına məlumat verərək qeyd edib ki, kitabda yer alan şeirlər müxtəlif illərdə qələmə alınıb və müəllifin son yaradıcılıq fəaliyyəti ilə bağlıdır. Yetişməkdə olan yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin bədii yaradıcılıq fəaliyyətinin təkmilləşdirilməsi və genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Bədii yaradıcılıq nümunələrinin hər biri səmimiyyət və dolğunluqla qələmə alınıb. Müəllifə yeni yaradıcılıq uğurları və fəaliyyəti dilədi. Sonra tədbir iştirakçıları müəllifin yeni işıq üzü görmüş kitabı və şeirləri haqqında öz duyğu və düşüncələrini, təəssüratlarını bölüşüb, xatirələrini yada saldılar, keşməkeşli həyat yolunda yeni yaradıcılıq uğurları dilədilər. Təcrübəli qələm sahiblərindən Ehtiram İlham, Faiq Balabəyli, Əli Əmirov, Nəcibə İlkin və.s Gülnara uğurlar dilədilər. Gənc qələm dostlarından Faiq Hüseynbəyli, Cavidan, Vasif Zöhraboğlu, Hafiz Hacxalıl, Şahinə Könül, Tural Turan, Vüsal Yurdoğlu, İsa Həsənoğlu, Nicat Ülfətoğlu, Fuad Biləsuvarlı, Qılman İman, Sevinc Yunuslu, Savalan Talıblı, Manaf, Günel Fərhadqızı, Ramin Cilovdarlı, Furqani, Vüsalə Asif, Ramil Mərzili, Gültən Qədirli, Şəhanə Müşviq, Amil Ağayev və.s müəllifə xoş arzularını çatdıraraq kitablarını imzalatdılar. Tovuzun istedadlı aşıqlarından Şəhriyar Kərimov və Elməddin Məmmədli, Tovuzun digər ziyalıları Vüsalə Dadaşova, Zakir Mirzəyev, Mehman Əhməd və.s da öz həmyerlilərinə uğurlar dilədilər. Gənclərə dəstək olanlardan Betreddin Güreş və Xuraman Camalqızı da ürək sözlərini çatdıraraq kitablarını imzalatdılar.
Müəllif tədbirin yüksək səviyyədə təşkil olunduğuna görə, zəhməti keçən hər kəsə və “Kitabevim.az” kollektivinə sonsuz təşəkkürünü bildirib, yeni işıq üzü görmüş kitabında yer alan şeirlərindən tədbir iştirakçıları üçün səsləndirdi. Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirildi.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti