Dilimdə kədərim böyüyür Allah,
Böyüyür,ağzıma sığmayır daha.
Qədərim sevinci kürüyür,Allah,
Ürəyim köksümə sığmayır daha.
Daha daşdan keçən sözüm daş olub
Yağır ürəklərin daş xarasına.
Ümidlə yaşanan dözüm daş olub
Atılır göz ilə qaş arasına.
Torpaq yad əlində,qeyrət yuxuda,
Atılan söz oxum hey daşa dəyir.
Girəvə gözləyir qorxu pusquda,
Hədələr önündə kədər baş əyir.
Ağarır başımda qara günlərim-
Yağır saçlarıma qar kimi qədər.
Hərə öz ömrünə kəsilir qənim,
Hərə itkilərə dözür birtəhər.
…Mənim kədərimdir o Dərbənd qalam,
Babamın yurdunda qonaq kimiyəm.
Qında korşalarmış ər qala-qala,
Dünyanın ovcunda balıq kimiyəm.
Mənə-öz kədərim bəsimdir,mənə
Bəsimdir Təbrizim,bəsimdir Göyçəm.
Arazım,Samurum bəsimdir mənə,
Bəsimdir Xocalım yerdən göyəcən!..
Dilimdə kədərim böyüyür yaman,
Böyüyür,sözümə sığmayır,Allah!
Günlərim sevinci kürüyür yaman,
Ürəyim sözümə sığmayır,Allah!
Azərbaycan.Quba.
25.11.1995.