SANİYƏ SAYIR
Dəqiqəm sənsizdi, saatım sənsiz,
Gecəni gündüzdən indi gəl ayır.
Qalmışam sevgiyə, eşqə güvənsiz,
Könlüm də, qəlbim də saniyə sayır.
Günüm bir il olub, sönüb günəşi,
Gecənin zülməti qaraltmış gözüm.
Qəlbdə tüğyan edir həsrət atəşi,
Hicrinə əzizim, qalmayıb dözüm.
Baxışım yollarda ilişib qalıb,
Zaman da insafsız, yollar da sonsuz.
Zaman ki, ömrümü çaldıqca çalıb,
Çiskinli payızdı yarpaqsız, donsuz.
Sən gəlsən ömrümün dəyişər fəsli,
Yox olar payızı, yetişər yazı.
Gəl yetir özünü sevda nəfəslim,
Gətir baharımı, itir ayazı.
27.10.2016
EYLƏMƏ
Həsrətə, hicrana dalmışsa gözlər,
Gözlərə qəhərdən bulud çökəcək.
Kədər buluduyla dolmuşsa gözlər,
Yağış yağrıracaq, leysan tökəcək.
İntizar, iztirab dondursa qəlbi,
Ağrısı, acısı gözə axacaq.
Sevdanın atəşi yandırsa qəlbi,
Yanağı göz yaşı köztək yaxacaq!
Yaşlı gözlərini gördükcə, gülüm,
Göz yaşın qəlbimin taxtın uçurur.
Kipriyin yaşlara hördükcə, gülüm,
Bir nisgil talenin baxtın uçurur!
Ciyərim dağlama, bağrım teyləmə,
Yaşlı gözlərinə baxa bilmirəm.
Ruhumu qoparıb məndən eyləmə,
Naçaram, gözlərin silə bilmirəm!
26. 10. 2016