tm

QURBANI OLSUN!

Gözümün önündə xəyalın durub,
Demək ki, səbəb var, görüşə gəlib.
Naəlac kimidi, boynunu burub,
Gəlibsə güvənib, pənahı bilib!

Səndən uzaqdayam, çatmayır əlin,
Ruhumu göndərdim, dayağın olsun!
Getməsə ayağın, ağrısa belin,
Demişəm qaldırsın, ayağın olsun!

Dolsun nəfəsinə, dolsun gözünə,
Sızlayan könlünün dərmanı olsun!
Doğması, öz canı, bilsin özünə,
Ağrıyan qəlbinin qurbanı olsun!

Tezliklə xəyalın gülüşlə gəlsin,
Gətirsin ruhumu, qaytarsın geri.
Nigaran qəlbimdən nisgili silsin,
Sükuta qərq olub, bomboşdu yeri!

30. 10. 2016

KEÇİM GEDİM!

Mənə yolum göstər , Allah,
Bu nə yoldu, cığır təki.
Könül xoş gün istər, Allah,
Susub durub, fağır təki.

Nadanlar var yolum ustdə,
Hiyləgərlər qazır izim.
Qoyma olsun ruhum xəstə,
Bükülməsin qəmdən dizim!

Sevincin az, ələmin çox,
Payız gedir, qışın gəlir.
Hərisliklə gələnin çox,
Nə gəlirsə, naşın gəlir!

Bir yol eylə, keçim gedim,
Yoxuşunu düzən eylə.
Nur çeşməndən içim, gedim,
Haqqa gedim, gülə- gülə!!!

28.10.2016