Ömrünün çox hissəsini Azərbaycanın meşələrinin inkişafına sərf edən Nikolay İqnatyeviç Boqomolova ithaf edirəm.

Yaş ötüb altmışı,
İpək tellər ağarmış.
Yetişib ömrün qışı,
Ömrün hər fəsli varmış!

Gülər üz, açıq ürək,
Hamı üçün əzizdir.
Şah dağının qarı tək,
Vicdanı tərtəmizdir.

Meşədə keçib günü,
Qurub, yaradır yenə.
Calayıb öz ömrünü
Palıdların ömrünə.

*Bu şeir Xalq şairi Hüsyen Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.