rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

EŞQİN ÇIRAĞI

“Könül dəftərim” – silsiləsindən

Bulud kimi tutulmuşam səhərdən,
Açılmayır könül acı qəhərdən.
Yemək- içmək betər ağu- zəhərdən,
Sinəmdə sönübdür eşqin çırağı.

Allah lənət etsin yazı pozana,
Soyuq su ələyib isti qazana.
Dönmüşəm həyatda Dəli Ozana,
Olmuşam obanın, elin qınağı.

Könül yuvamızı etmisən bərbad,
Hicran, kədər qəlbdə açıb qol- qanad.
Ən incə hislərim mənə olub yad,
Saçıma toxunmur sevgi darağı.

Artdıqca hey artdı günahın sayı,
Çevrildi sərt qışa ömrümün yayı.
Söylə necə oldun dönük, hərcayı?
Məhv etdin köksümdə çağlar fərağı.

Çəkmədin saçlara döyunca tumar,
Bilmədin bədxahlar bizləri qınar.
Dövranı özündən eylədin kənar,
Leylitək səhradan gəlir sorağı.

HƏDƏR

“Düşüncələrim” – silsiləsindən

Söyləsək də cahan mülkü,
Zəmanənin gərdişinə.
Çiynimizdə yaşam yükü,
Qatılmışıq gedişinə.

Hey dözmüşük bu həyatın,
Ağrısına, acısına.
Kimi çox vaxt həsrət qalıb,
Qardaşına, bacısına.

Dəryaları yaranıbdır,
İnsanların göz yaşından.
Dağı- daşı odlanıbdır,
Dərdlilərin qarğışından.

Bəşər oğlu usanmayır,
Bəd keçsə də hər bir günü.
Hər anını ömür sayır,
İtirməyir ümidini.

Qəsb etsə də şirin canı,
Dövran, möhnət, qüssə, kədər.
Sil qəlbindən həyacanı,
Yaşanmasın ömür hədər.