Elə ki, bahar fəsli
Ağaclar yarpaqlayır;
Ürəyimdə sevincdən
Sellər, sular çağlayır.
Elə ki, yay ayları
Şitilliyə od yağır;
Canımdan alov qopub,
Başımdan tüstü qalxır.
Elə ki, payız fəsli,
Yarpaq əsir budaqda;
Dayanıb öz-özümə
Üşüyürəm otaqda.
Elə ki, qış fəslində
Yağış gəlir, qar düşür;
Xəyalıma yaz qonur,
Yadıma bahar düşür.
*Bu şeir Xalq şairi Hüsyen Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.