Şairə-publisist Nəcibə İLKİN.”Ağlama a körpə, ağlama belə”

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru


(Bir körpə anasının qucağında elə ağlayırdı ki, lap ürəyimin başı göynədi. Ondan təsirlənib bu şeiri yazdım)

Ağlama a körpə, ağlama belə,
Sən hələ nə görüb, nə götürmüsən.
Ömrün günlərini bir-bir ələyib,
Hələ ildən- ilə ötürməmisən.

Hələ keçməmisən dərd körpüsündən,
Hələ arzuların aşıb-daşmayıb.
Ömrün hər zilləti, hər bir zülməti,
Qəlbində, könlündə heç dolaşmayıb.

Haqlı ola-ola üstünə bəzən,
Haqsız əllərindən daş atılmayıb.
Cəlladlar əlinə keçməyib ömrün,
Yaşının üstündən yaş atılmayıb.

O zaman sən belə yanıqlı ağla,
Oysun ürəyini sözün xəncəri.
Yarda etibarı, dostda inamı,
Gözləyib sən neçə illərdən bəri.

Ardınca qaçdığın ümidlərinin,
Dizi qırılmayıb, könlü sınmayıb.
Kiminsə eşqindən qəlbin od tutub,
Sevda yollarında alovlanmayıb.

Yazmayıb bəxtini qara kürsülər,
Gözlərin tanımır bu kor dünyanı.
Hələ görməmisən ürək ağrıdan,
Üstünə atılan şəri, böhtanı.

Hələ ürəyinə eşqin harayı,
Saçına sevdaının dəni düşməyib.
Ağlayıb qəlbimi üzmə havayı,
Bəxtin ki, heç əldən-ələ düşməyib.

Hələ görməmisən könül dağını,
Qəlbin çəkilməyib min yerdən şişə.
Saxla, gələcəyə ağlamağını,
Ömrünü vaxt biçib, zaman dəyişər…

Hələ düşməmisən çətinə, dara,
Gözlərin dərd çəkib, yol aramayıb.
Gəzib tellərində fələk əlləri,
Saçını qəm yuyub, dərd daramayıb…

Saxta söz, saxta dost durub qarşında,
Açılan könlünü qıfıllamayıb,
Oyub ürəyini düz yalanıyla,
Səni öz mənindən oğurlamayıb….

Yurdunu dağıdıb, köçürməyiblər,
Qaçqın olmamısan doğma vətəndə.
O zaman dərindən hönkürüb ağla,
Atılıb qalmısan küçə tinində…

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir