
Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Salam, “Ədəbiyyat və İncəsənət” portalının dəyərli izləyiciləri.
Hər dəfə “Bir şair, bir şeir” rubrikasını təqdim edərkən ilk özüm şeirin içindəki gizli dünyaya köçürəm və qayıdıb şeiri Sizə təqdim edirəm. Əminəm ki, mənim kimi poeziya ilə nəfəs alanlar da şeirin hər misrasındakı şairin nəfəsini duyacaqlar.
Bu dəfə qonağımız dəyərli, xanım Adilə Nəzərdir.
Şairin: “Hər payızın qoynunda gizlənibdir bir bahar” misrası hər bitişdə başlanğıcın olmasının, kədərin qoynunda ümidin qorunmasının poetik dillə təzahürüdür.
Gəlin, birlikdə şeiri oxuyaq.
ADİLƏ NƏZƏR,
“QOVAQ ALTINDA”
Bir qovaq ağacının dizinə çökdüm bu gün,
Söykəndim gövdəsində qərinənin izinə.
Yarpaqlar töküldükcə çözüldü min bir düyün,
Ruhum qulaq kəsildi təbiətin sözünə.
Cırcırama oxudu yəqin ki, son nəğməni,
Bu nə yayın nəşəsi, nə payızın yasıdır.
Dağlardan bir meh əsdi sükut bürüdü məni,
Bu an fani ömrün yox, sonsuzluğun hissidir.
Şekspir yarpağı tək budaqlar soyunsa da,
Rilkenin dediyi o şəfqətli əllər də var.
Mövsümlər dəyişsə də, ömür sonlu olsa da,
Hər payızın qoynunda gizlənibdir bir bahar.
Rumi deyən o toydu, o müqəddəs gecədir,
Ölüm — ulduz tək batıb, sonra yenə doğulmaq.
Qovaq pıçıldayır ki: Bu köç, bu yol necədir?
Torpağın nəfəsində mümkündürmü yox olmaq?!
Sərin külək gətirir ölümsüzlük müjdəsin,
Nə bu təbiət fani, nə ruhumuz kimsəsiz.
Eşidirəm qəlbimin dərindəki səsini —
Ölümdən sonra həyat əbədidir, şübhəsiz.
“Ədəbiyyat və incəsənət”
(17.09.2026)