DUYAN OLSA
Misra-misra ürək sancar sinəmdə,
Elə sanma ağrısından üzülləm.
Ömrun-günün səhərində şeh kimi,
Çiçəklərin yanağına düzülləm.
Dağ çayından ahəng alıb bu nəbzim,
Tufan olsa dalğasıyam dənizin.
Qayaların sərtliyindən, əzizim,
Göz yaşıtək damcı-damcı süzülləm.
Bir vüsalın güneyində gözüm var,
Hələ onun zirvəsində gözüm var,
Bu dünyada mənim bircə üzüm var,
Duyan olsa bir baxışdan sezilləm.
Arzularım, duyğularım təzə-tər.
Qara bulud görən kimi tez ötər.
Hədəfindən yayınsa da nə qədər,
Dəyər bir gün hədəfinə söz gülləm.
Daha məni xəyalına gətirmə,
Yollarında, izlərində bitirmə,
Demədimmi, gülüm, məni itirmə,
Tapammazsan axtarsan da yüz ilnən.
1980
SANKİ BU ŞƏHƏRDƏ
QƏRİB BİR SƏSƏM
Sanki bu şəhərdə qərib bir səsəm
Yatmır ayağıma yollar, səkilər.
Sanki öz duyğuma bir daş qəfəsəm
Ey tanrım, yazıqdır mənim təkilər.
Yazıqdır, yadlığa uyuşmur bir an,
Soyuq divardan da doğmalıq gəzir.
Yoxsa hər yetənin baxışlarından,
Şən təbəssüm umur, xoş qılıq gəzir?!
Hanı xışıltısı bu yağan qarın?
Onun da yerınə yoxsa caz yağır?!
Burdakı barların, restoranların
Çılpaq dəhlizindən ehtiras yağır.
Rəngli dodaqlarda siqar közərir,
Dillər dil açsa da, ürəklər dinmir.
Müstəri axtaran çılpaq dizlərin,
Açıq sinələrin sayı bilinmir.
Burda sevən ürək çətin isinə,
Dondurar eşqini soyuq öpüşlər.
Büllur qədəhlərin cingiltisinə,
Bir ucdan zuy tutur sərxoş gülüşlər.
O kimdir? – sevgisi başına darmı?
Gözündən oxunur ürəyindəki.
Hər kim olur- olsun , fərqinə varmır,
Qızmış bədənini soyutsun təki.
Don vurmuş nar kimi çatlayar bağrı
Burda saf arzunun, təmiz niyyətin.
Bizim başımıza kül ələ, tanrım
Beşiyi burasa mədəniyyətin.
1991, Moskva
BU SEVGİ
Qəlbimə gəlmişdi gözlənilmədən,
Deyərdim çətin ki, sönə bu sevgi.
Dağınıq, pərişan fikirlərimi
Salmışdı bir səmtə, yönə bu sevgi.
Gözəllər içindən seçilmiş idi,
Önündə zirvələr kiçilmiş idi,
Ulduzlar əyninə biçilmiş idi,
Taledən töhfəydi mənə bu sevgi.
Qəlbindən gələrdi sorağım hər gün,
Çiçəktək açardı marağım hər gün.
Deyərdi-sən çıxma, mən çıxım hər gün
Gah aya, gah da ki günə bu sevgi.
Gecələr saçına çökmüşdü onun,
Günəş öz suyuna çəkmişdi onu,
Ay da işığına bükmüşdü onu,
Qənimdi dumana, çənə bu sevgi.
Gözümdə həsrəti bitəsi imiş,
Könlümü güvətək didəsi imiş.
Qəfil gəldiyitək gedəsi imiş,
Ömrümdən, günümdən demə bu sevgi.
1981