Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü
MƏLƏK DEDİK, ŞEYTAN ÇIXDI
Mələk dedik, şeytan çıxdı,
Min illərdir ara vurur…
Sevgi ruhun qidasısa,
Nədən qəlbə yara vurur?
Selə düşüb sevda köçü,
İndi kimi tutum dilə?!
Hər yetən bir ocaq çatıb
Ürəyinin odu ilə.
Səndən sonra bu ocağı
Yüz yol eşdim, köz tapmadım.
Ürəyini varaqladım,
Mənə aid söz tapmadım…
Baxışlarım iti idi,
Tez görürdüm uzağı mən.
Allah, nədən görmədim bəs
Tale quran tuzağı mən?!
Bir xanıma
Yenə çatlamısan gülöyşə nartək,
Ruhum dəftərini cırıb elə bil.
Qəlbin qıyya çəkən yaralı quşdur,
Kimsə ürəyini qırıb elə bil.
Dünya bir tamaşa səhnəsidir, qız,
Mən onu bu kökdə kirə bilərəm.
Görən, küçənizdə bataqlıq yoxdur?
Bir gün eşq bağına girə bilərəm.
Ruh ruha yad olur sevdası solcaq,
Az qalır, fikrindən vərəm olum mən.
Nə səni qoymaram Əsli olasan,
Nə canım istəməz Kərəm olum mən.
QIZ, NİYƏ İNKAR ELƏDİN…
Dünya məgər zirvədi ki, yalı yox?
Dərd ağacım bar gətirib, kalı yox…
…Qız, niyə inkar elədin Allahı?
Mən ki səni vəsf elədim, xalı yox.
Yolçu toza sədd eləyib gözlərin,
At da tikanlıqda gəzir, nalı yox.
…Eşqi danıb sonra namaz qıldı ki,
Şeytana ehsan verəcək malı yox…
Kölgəmin üstündə əcəl şan qurub,
Gəl ki, çiçək yoxdu deyə balı yox.
Hikməti kimlər şərə mehman edib, –
Rövzeyi-rizvan olacaq halı yox?!