Deyirlər, nəvə çox şirin olur

Deyirlər ki, nəvə çox şirin olur,
Həyatın ən gözəl mənasıdı o.
Ömür bağçasının təbi, loğmanı,
Məhəbbət gölünün sonasıdı o.

Deyirlər ki, nəvə çox şirin olur,
Bənzəmir bu sevgi, ülfət heç nəyə.
Dərddən qüssələnib, əsib coşanda,
Onun bir gülüşü gəlir köməyə.

Deyirlər ki, nəvə çox şirin olur,
Atadan, anadan, övladdan şirin.
Hər biri, bir isti ocaq olsa da,
Onun ürəklərdə ayrıdır yeri.

Nəvə qucağında olanda Allah!
Sanırsan qucağın pirdi, ocaqdı,
Kədərin sonudu, sevincin şahı.
Bir dünya, bir sevgi dolu qucaqdı.

Çox eşitdim bu deyilən sözləri,
Allah dərgahına açıldı əlim.
Nəvə istəyiylə yandı gözlərim.
Min yerdən dualar eylədi dilim.

Diləklər dilədim Ulu Tanrıya,
Bir nəvə payını istədim ondan.
Gözümün həsrəti çəkildi aya,
Şükür, diləyimi verdi Yaradan.

İlahi bir ada bağladım adın,
Hamı bir ağızdan söylədi Amin!
Müqəddəs Quranla, Amin imdadı,
Nəvəmin adını etdi QURAMİN!
Sentyabr 2012

QURAMİNİM
Ömürümün ləli-gövhəri,
Ilk nübarım Quraminim.
Atılan şeş-qoşa zərim,
Könül yarım Quraminim.

Tanrıdan doğan Günəşim,
Səadətim, pərvərişim,
Həm gülüşüm, həm yerişim,
Tək vüqarım Quraminim.

Baba, nənə sevincimiz,
Nəğmə dolu söz incimiz,
Ay bizim könül dincimiz,
Kaman, tarım Quraminim.

İlham payım, Tanrı payım,
Yaz nəfəsli ilim, ayım,
Şirin sözüm, şirin çayım,
Bağça, barım Quraminim.
Noyabr 2012.

Təzə ilin mübarək

İlkin oğlumun ilki,
Təzə ilin mübarək!
Söz qılncım, söz ərkim.
Təzə ilin mübarək!

Gəlişin qəlbimizi,
Nur, işığa boyadı,
Fəxrlə yaşat, qoru
Sən bu müqəddəs adı,

Ömrünün təzə ili,
Sənə düşərli olsun!
Gələn bütün illərin,
Barlı, bəhərli olsun!
Yanvar 2013.

İlk baharın xoş gəlib
İlk baharın, ilk yazın,
Xoş gəlibdir ömrünə.
Var olsun uca Tanrım!
Çükür olsun bu günə.

İlk çiçəyin, ilk gülün,
Sənə xoş bahar olsun.
Arzumdur ömür bağçan,
Həmişə gülzar olsun!

Tər qönçə arzuların,
Sel kimi aşıb daşsın.
Ümidlərin boy atsın,
Səni xoşbəxt yaşatsın!

Bir yaşı münasibəti ilə

Şükür olsun nəvəmin
Bir yaşı tamam olur.
Yeridikcə, güldükcə,
Qəlbim fərəhlə dolur.

Oxşadıqca könlümdə,
Arzudan arzu doğur.
Ömrümün hər fəslinə
Səadətli gün yağır.

Böyüdükcə oxşayır,
Atasının özünə.
Baba, nənə deyəndə,
Bal qatılır sözünə.

O gün olsun nər, igid,
Böyük oğlan olasan.
Tanrının köməyiylə,
Könüllərdə qalsan.

Əzizi nəvəm QARAMİNİ I yaşı tamam olması münasibəti ilə babaları Əhməd müəllim, Adil müəllim, nənələri Nəcibə İlkin, Zeynəb xanım, atası İlkin müəllim, anası Günel xanım, bibisi Günel xanım, əmisi Elmir bəy, Fazilə xanım, Gövhər xanım, bütün qohumları, əzizləri təbrik edir. Ona möhkəm can sağlığı, işıqlı gələcək, sağlam həyat, mənalı ömür arzulayırlar.
Bu təbrikə “Azad Qələm” qəzetinin bütün əməkdaşları da qoşulur.
Mübarəkdi bir yaşın,
Əziz nəvəm Quramin,
Tanrı sənə yar olsun,
Qəlbən deyirik AMİN!