em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

NƏ OLAR

Gəl baxım hüsnünə , gəl ay bəxtəvər,
Almısan əlimdən ürəyi , canı,
Sən Aysan, Güməsən, sən nurlu səhər,
Gəl könül bağımın nazlı çeyranı.

Çiçəkdən qəşəngsən, ləçəkdən incə,
Güllərin tacısan, könlümün şahı,
Gəl bəzə ömrümü ətirli qönçə,
Sənsiz nəyə lazım, bu dünya axı,

Səndən gözəl yoxdu bu yer üzündə,
Səni xoş günündə yaradıb fələk,
Od, alov parlayır qara gözündə,
Bəxtim, qismətimsən sevimli mələk.

Mən səni görəndə lal olur dilim,
Göz çəkə bilmirəm al yanağından,
Vallah Allaha da xoş gələr gülüm,
Gəl öpüm mən sənin bal dodağından.

SƏNƏ GÜVƏNDİYİM DAĞLAR

Sənə ğüvəndiyim dağlar,
Ümidimi puç eylədin,
Baş əydin düşmənə, yada,
Sən ömrümü heç eylədin.

Dağlar sənə qar yağarmış,
Dilimi eylədin gödək,
Haqsız bir dünya da varmış,
Tök başıma daşı görək,

İsti qoynundan ayrıldım,
Qaçqın oldum, köçkün oldum,
Arxam, köməyin olmadın,
Taleyimdən küskün oldum.

Sənə güvəndiyim dağlar,
Hanı yurdum, hanı elim?
Gözlərim elə hey ağlar,
Daha sənə çatmaz əlim.

Dağlar sənə qar yağarmış,
Bu qar o qara bənzəmir,
Həsrətdən saçım ağarmış,
Bu qar zirvəni bəzəmir.