teranexanim

ADIMI «TƏRANƏ» QOYDUN

Anama

Adımı «Təranə» qoydun,
Nənəmin oxuduğu
bayatıdan, ninnidən
kövrək ruhuma axan
təranəylə böyüdüm.
Rəngindən, görkəmindən yox,
təranəsindən tanıdım
palıdı, çinarı, söyüdü.
Təranə-təranə yaddaşımı təzələdi
Çayın, şəlalənin, bulağın öyüdü.
Adımı «Təranə» qoydun,
İldən-ilə yaşa doldum,
Günbəgün təranələşdim.
Bir vaxt itirdim nənəmi,
bulağı, söyüdü…

İndi də baxıb görürəm
Zaman təranəylə axır,
Göyün yağışı, qarı da
yerə təranəylə yağır.
Hər ürəyin nifrətini bir təranə uyudur,
Bu dünyanın qəzəbini, kinini də
təranələr soyudur.
2012

* * *

Bakı dənizdə qurtarır
uçaqdan baxanda,
Tehranın işıqları sonsuzluğa qarışır,
sayrışır uzaqda, yaxında.
Küləklər şəhərindən yenicə ayrılmışam,
deyəsən sarılır boynuma həsrətin qolu.
Qarşıda hələ uzanır
dağların keşik çəkdiyi Tehran yolu.
On gecədi Bakını anıram,
Tehranlının gözündə kiçicik şəhərimi.
Gah fərəhdən, gah nisgildən gözüm dolur,
Yad şəhərin sükutunda boğuram qəhərimi,
Düşünürəm, on beş milyonluq şəhərin
sükutu da qərib olur.
avqust, 2011

BƏNÖVŞƏ

Başın üstə hələ qışın kölgəsi,
Hələ yuxuludu gözün, bənövşə.
Nə qədər isindi odlar ölkəsi
Azca görünməklə üzün, bənövşə.

Sənsiz vətənimin olmaz ki, yazı,
Eşqinlə dilləndi Qurbani sazı.
Səmədin ilhamı, Xanın avazı –
Yüz illərdi bitməz sözün, bənövşə.

Bu qədər yaz gördüm, səndən doymadım,
Ətrin kimi incə ətir duymadım,
Uzandı əllərim, bir yol qıymadım
O qısa ömrünü üzüm, bənövşə.

Sənə hey üz tutdum dərdi-sərimnən,
Söylə, dərdin nədi sinə gərim mən?!
Elə zərif çiçək göstər dərim mən,
İpək tellərinə düzüm, bənövşə.

Yar yaxası üzüm-üzüm üzülər,
Həsrətindən yüz yerindən süzülər,
Hər bahar gözlədim, gəlsən düzələr,
Tükəndi o taqət, dözüm, bənövşə.
sentyabr, 2012

DAŞ «GÖZƏLLƏMƏ»Sİ

Ürəksizə «daşsan» deyib daşın ürəyinə dəymə,
Daş var ki, əsrlər döyüb, başını o daşa döymə.
Daşa versən əməyini heç vaxt səni xar eləməz,
Söz var desən daş əriyər, qəlb var ona kar eləməz.

Adamın unutduğunu daşın yaddaşı unutmur,
Kimsə haqsız daşa tutur, haqsız atılan daş tutmur.
Axar suya yuxu danış, sirrini qara daşa de,
Daş – son mənzildəki dostun, məzarının qardaşıdı.

Bağlı-bağlı qapıları döydüyümüz daşlar açdı,
Daşlar tikdi evimizi, yolumuzdan daşlar qaçdı.
Dostun, yadın səbri çatmır, dərdimizi daş dinləyir,
Bu dünyanın gərdişinə daş ağlayır, daş inləyir.

Çörəyimiz daşdan çıxır, işimiz daşa dirənir,
Bərkiyirik daş oluruq, bəzən daş bizdən imrənir.
Ölür yarpaq da, çiçək də, o yurd yerində daş qalır,
Min ildən qalma daş bizi tarixin yadına salır.
sentyabr, 2012

ÖZ GÜLÜNÜ TAP DƏRMƏYƏ

Qəlbim ipəkdi süzülər,
Elə yerindən üzülər,
İnci tək dərdə düzülər,
De, qəlbin səs eləməsin.

Əzmə sözü sara-sara,
Düşününcə qara-qara,
Açma qapını rüzgara,
Eşqi əbəs eləməsin.

Tələsmə çələng hörməyə,
Öz gülünü tap dərməyə,
Qorxuram məni görməyə
Bir ömrün bəs eləməsin.
21 avqust 2012