Müzəffər MƏZAHİM.”Qorxudur”

mm

Ətəyində qocaldığım zirvədir,
Arzulardan bac aldığım zirvədir,
Ömür verib ucaldığım zirvədir,
Bu zirvənin zəhmi məni qorxudur.

Dörd tərəfim baxılmamış mənzərə,
Bir qəriblik çəni çöküb hər yerə,
Pıçıltımdan uğuldayır dağ, dərə,
Tənhalığın vəhmi məni qorxudur.

Sıxılıram gur alqışlar içində.
Təklənirəm yad baxışlar içində,
Yol gedirəm ağ yağışlar içində,
Taleyimin rəhmi məni qorxudur.

Duyulduqca doğmalığın itkisi,
Göz yaşardır ürəyimin tüstüsü,
Əllərimdə dost əlinin istisi,
Ayrılığın fəhmi məni qorxudur.