Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
HÜCUM ƏMRİNİ VER, BAŞ KOMANDANIM
Düşmən güvənməsin fəndi-felinə,
İgidlər qalxacaq Qırat belinə.
Dağ,qaya dayanmaz türkün selinə,
Parlasın günəşim,parlasın danım-
Hücum əmrini ver ,Baş Komandanım!
Şuşam,Qarabağım intizardadır.
Ağdamım,Laçınım gör nə haldadır.
Vaqifin,Zakirin gözü yoldadır,
İntiqam hissiylə qaynayır qanım-
Hücum əmrini ver ,Baş Komandanım!
Alaq qisasını uşaq,qocanın,
Birə-min əvəzin tökülən qanın.
Yüksəldək bayrağın Azərbaycanın,
Qurbandır vətənə,fədadır canım-
Hücum əmrini ver ,Baş Komandanım!
Titrətsin yağını “Cəngi” nin səsi,
Səfərbər eyləyək yurdda hər kəsi.
Hücuma hazırdır Odlar ölkəsi,
Qəzəbli şimşəklər hiss-həyəcanım-
Hücum əmrini ver ,Baş Komandanım!
YA QISMƏT
/02.04.1993 – CÜ İL KƏLBƏCƏRİ İTİRDİYİMİZ TARİXDİR – UNUTMAYAQ/
Vətən borcumuz çox,ömrümüzsə az,
Kəlbəcəri bir də görəm- ya qismət.
Taledən,qismətdən kimsə qaçammaz,
Dağında lalələr dərəm- ya qismət.
Zirvədə buludu qatar-qatardır,
Güneyi nərgizli,quzeyi qardır.
Dörd fəslin hamısı burda bahardır,
Süsəni sünbülə hörəm-ya qismət.
Səs sala dağına Şəmkirin sazı,
Bütün igidlərə çata avazı.
Ola qoç döyüşü,qeyrət davası,
Köksümü qabardıb,gərəm-ya qismət.
Yığam Mübariztək vətən gəncini,
Çaldıram Murovda şanlı cəngini.
Qaçıram düşmənin murdar rəngini,
Hayqıram:-“Ər oğlu-ərəm”-ya qismət.
Qarşısı alınsın qanlı sellərin,
Ordum xilaskarı doğma ellərin.
Dövran da yurdunun bütün güllərin,
Ayağı altına sərə,- ya qismət.