12584137_533420616825212_752487860_n

AZƏRBAYCAN BAYRAĞIM

Dalğalanır göy üzündə,
Haqq ədalət var sözündə.
Sən ucasan el gözündə,
Odum-ocağım, çırağım.
AZƏRBAYCAN BAYRAĞIM.

Üstündəki o üç rəngin,
Zənginlərdən daha zəngin.
Ay ulduzlu şux ahəngin,
Doğmam, yaxınım, uzağım.
AZƏRBAYCAN BAYRAĞIM.

Əzəmətli xoş görünüş,
Alnında yazılıb döyüş.
Sən yenilik, sən bir dönüş,
Ana tək isti qucağım.
AZƏRBAYCAN BAYRAĞIM.

Ətəyində duman, çənin,
Şanım, şöhrətimsən mənim.
Qarşında diz çökür sənin,
Həm böyüyüm, həm uşağım.
AZƏRBAYCAN BAYRAĞIM.

AĞLAMA

Əzrayıl boynuma çöksə haçansa,
Yaş töküb gözündən anam, ağlama.
Gizli bir hökmü var hər dəqiqənin,
Dayansa ürəyim sonam, ağlama.

Görüşə bilməsəm ölüm qabağı,
Düşməsin dağların qaşı-qabağı,
Ömrümün günümün bu bahar çağı,
Arzusu gözündə qalan, ağlama.

Yoluma izimə qar yağacaqsa,
Soyuqdan damarda qan donacaqsa.
Bir gullə qəlbimə toxunacaqsa,
Sağalmaz olsada yaram, ağlama.

Dərdimə qəm kədər yoldaş olubdu,
Qəlbimə min dəfə dağ vurulubdu.
Ay ANA, eşitsən oğlun ölübdü,
Demə nakam getdi balam, ağlama.