Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QARABAĞ Bürosunun Rəhbəri,

Mən nə zaman yola çıxdım,
Nə vaxt bura gəldim vardım…
Qatar qatar insanları
Atar-tutar gördüm, gördüm…

​Biri özündən yaşlıdır
Biri sözündən yaşlıdır,
Biri gözündən yaşlıdır,
Min göz yaşı sildim, sardım.

​Kimi yolun yorğunudur,
Kimsə ömrün vurğunudur,
Həyat bəzən ağrılıdır,
Ağrıları əzdim, qırdım…

​Daşdan heykəl yonanı var,
Özün sultan sananı var,
Min budağa qonanı var,
Budaqları yordu, yordu…

​Bu yolları bizmi seçdik,
Yoxsa yollar bizdən keçdi?
Hər şeyin ki, sonu heçdi,
Qaçhaqaç nə, sordum, sordum…

​Görən kimdir, görünən kim?
Biz kölgəyik, işıq hakim.
Dünya fani yuxuymuş ki!
Şükür, oyaq qaldım, qaldım…

Nöqtə idim, xəttə döndüm,
Yolüstü bir bəxtə döndüm,
Taxta çıxdım, vaxta döndüm,
Bivaxt çağda durdum, durdum…

Oxum dəyməz dağa-daşa,
Gəldim çıxdım yazlı qışa,
Qələmlərim qoşa-qoşa,
Ucundan söz dərdim, dərdim…

Mən mən olub yürüyürəm,
Ömrü sözə bürüyürəm,
Damcı-damcı əriyirəm,
Həyat şamı oldum, oldum…

25.07.2026

Mənbə: https://atunispoetry.com/