
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri.
* * *
Mən indi hər şeyi unudum gərək,
Geriyə qayıdım o boyda yolu.
Bu da taleyimin məndən aldığı,
Bu da taleyimin quru sağ olu.
Özümdən yüz dəfə üzr istəyim,
Özümü son dəfə bağışlayımmı?
Mən heç həyatımda bu qədər kinli,
Bu qədər amansız olmadım, amma.
Mənim yerimdimi bu yer, İlahi?
Hər şeyə, hamıya naşı düşmüşəm.
Axx, mənim əvvəlki ağılsızlığım…
Sonradan, sonradan başa düşmüşəm.
* * *
Onsuz da bir təhər keçir-
Kül bunun da gün başına.
Ölürəm, xəbərin olsun,
Can verirəm baş daşına.
Səhərin oğlan çağında
Könlümə bir gecə düşür.
Bilmirsən adın dilimə
Necə gəlir, necə düşür.
Hamı gecikir, geciksin,
Yubanıram, gəl çat mənə.
Axı sən yanımda olsan,
Neyləyəcək həyat mənə.
İndi mənə bircə söz de,
Bircə söz de, uyum sənə.
Bir az ürəyim çəkibdi,
Bir az da ki, suyum sənə.