Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, filologiya elmləri doktoru, professor, görkəmli şair, ədəbiyyatşünas.

* * *

Yandırıb kül etmək olmaz
mənim söz, sənət mülkümü,
Sinəmə çəkilən dağlar
səninkimi, mənimkimi?
Özüm özümlə dərdləşim,
özgələrdən yoxdu haray,
Dünyada kim duya bilər
axı məni mənim kimi?

17.05.2025

* * *

Ömür köhnə cəhrədə
İplik kimi əyrilər.
Təmizlikdən dəm vurar,
Bütün əli əyrilər.

Kobud gülər zərifə,
Gül həsrətdi tərifə,
Baxmaz kasıb tərəfə
Bu “hurilər, pərilər”.

Paralanıb ürəklər,
Solub arzu-diləklər,
Qönçələyən çiçəklər
Yad əllərlə dərilər.

Dərd qəlbi bölüb gedib,
Gör kimlər gəlib-gedib?
Ölənlər ölüb gedib,
Zillət çəkir dirilər.

İşini bilər dünya,
Nadana gülər dünya,
Ölənlə ölər dünya,
Dirilənlə dirilər…

03.08.2022