MƏHƏBBƏT ŞEİRİ YAZA BİLMİRƏM

Quruyub təbimin axan bulağı,
İstəmirəm, sözlərim olsun bayağı.
Mən Nüsrət sayağı, Musa sayağı
Məhəbbət şeiri yaza bilmirəm.

Səpilir nisgilim sətirlər üstə,
Köklənir şeirim şəhidlər üstə,
Udub dərdlərimi, udub ahəstə,
Məhəbbət şeiri yaza bilmirəm.

Hicran da azalır, dərd olmur yarı,
Zaman da dəyişib, itib sığalı,
Köksümdə qövr edir yurdun qubarı,
Məhəbbət şeiri yaza bilmirəm.

Aidəmi günahkar, sevə bilmədim,
Ürəkdən ağladım, gülə bilmədim.
Hey ölüm dilədim, ölə bilmədim,
Görən, çıxacammı yaza, bilmirəm,
Daha məhəbbətdən yaza bilmirəm.

  • * *

GÖR, BİR ANDA NEÇƏ ÖMÜR DAYANDI…

Qarabağda gül bitibdi qanından,
Siz də orda asta ötün yanından.
Şəhidlərim keçdi əziz canından,
Orda ruhlar bir-birinə hayandır,
Gör, bir anda neçə ömür dayandı…

Çağır bir də, Mübarizim qoy gəlsin,
Kürəyini Pəncəliyə söykəsin.
Əzrayılın gözü çıxsın görməsin,
Bax, bu adlar yaddaşlarda qalandı,
Gör, bir anda neçə ömür dayandı…

Şəhidlərim od salıbdı qanıma,
Şərəf, şöhrət gətiribdi adıma.
Mərd oğullar getdi düşmən badına,
Yolumuzda mayak kimi yanandı,
Gör, bir anda neçə ömür dayandı…

Aidə tapmır bu dərdlərin çarasın,
İllərdi ki, saran yoxdu yarasın.
İtiribdi gözlərinin qarasın,
Qəhrəmanlar bu dünyaya bəyandı
Gör, bir anda neçə ömür dayandı…

  • * *

BİZ TURANI QURACAĞIQ!

Ey səltənət sahibləri, başda “başlar”,
Kəssə bizim yolumuzu qarlı qışlar,
Atılsa da sağdan, soldan milyon daşlar,
Sinə gərib, savaş verib duracağıq,
Biz Turanı quracağıq!

Bu yollarda şəhid oldu Nuru paşa,
Minlərlə can qurban getdi bu savaşa,
Qan tökmüşük, cavabdehik hər qarışa,
Xocalının qisasını alacağıq,
Biz Turanı quracağıq!

Uyğur türküm yaşamasın daha zillət,
Qanicəndən gözləməyin siz mərhəmət,
Geci-tezi yaranacaq bu səltənət,
Asimandan Günəş olub doğacağıq,
Biz Turanı quracağıq!

Bayraqlarım Turan boyu yellənəcək,
Bütün dünya Türk dilində dillənəcək,
Şəhidlərim dastan olub söylənəcək,
Gələcəyə işıqlı yol açacağıq,
Biz Turanı quracağıq!