İllər boyu səni gəzdim,
Ay gecikən məhəbbətim!
Sən yubandın, mən tələsdim,
Getdi gənclik təravətim,
Ay gecikən məhəbbətim!
Mən bir yanda sənə möhtac,
Sən bir yanda gəzdin əlac.
İki qəlbdə bir ehtiyac,
Övladıyıq bir həsrətin,
Ay gecikən məhəbbətim!
Saç ağartdım bu yollarda,
Harda idin, söylə harda?!
Bir yarpağam son baharda,
Saralıram yetim-yetim,
Ay gecikən məhəbbətim!
Sən əzabsan, ğöz yaşısan,
Bəxtimin son naxışısan,
Bəlkə tale qarğışısan,
Bəlkə də ilk səadətim,
Ay gecikən məhəbbətim!
Gəl ki, sənsiz ürək bir daş.
Poz qanunu, sədləri aş.
Sevə-sevə öləydim kaş,
Sən olaydın vəsiyyətim,
Ay gecikən məhəbbətim!
Bir könül var, əmanətdir,
Acısı da şirin dərddir.
Bir qadına xəyanətdir,
Bir gözələ sədaqətim,
Ay gecikən məhəbbətim!
Cəzan varsa, verən gəlsin,
Könlü hicran görən gəlsin.
Məcnun gəsin, Kərəm gəlsin,
Desin, nədir qəbahətim,
Ay gecikən məhəbbətim!
Bir xəstəyəm, əlacım sən,
Bir koram, əl ağacım sən,
Dilənçiyəm, əl açım, sən –
Sən ol mənim son qismətim,
Ay gecikən məhəbbətim!
Mənbə: Klassik Ədəbiyyat İnciləri