Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalist
Haray yox, bir titrək havaram sənsiz,
Çatmaram arzuma – ha varam – sənsiz.
Fərqi nə, ya yoxam, ya varam sənsiz,
Silinməz bu qəlbin yarası yəqin.
Səhv etsəm el-aləm yamanlar məni,
Tərk etməz qəlbimə damanlar məni.
Alar ağuşuna dumanlar məni,
Bilmərəm dünyanın harası yəqin.
Əyilməz – bu yurdun nər manı varsa,
Tanrının haqq adlı fərmanı varsa.
Bir dərdin minbir də dərmanı varsa,
Tapılar bunun da çarası yəqin.
Boş qalmış ələyin yiyəsi mənəm,
Oxlanmış kürəyin yiyəsi mənəm.
Bu sınıq ürəyin yiyəsi mənəm,
Parası gümandı, parası yəqin.
Doğmadan yan qaçıb yada varalı,
Yurdumun hasarı yaman daralır.
Bir ömür yaşaram – ağlı, qaralı,
Aği müəmmədı, qarası – yəqin!