Saxlaya bilirdim vaxtı, saatı,
Yaşaya bilirdim ömrü, həyatı.
Şirin bir oxşama, kövrək bayatı,
Bütün ömrüm boyu unutmadığım
Vaxtın əllərimə keçdiyi çəm var,
Mənim bu kölgədə bir xatirəm var.
Başımın üstündə barlı bir budaq,
Budağın altında odlu bir dodaq,
İllərdi ağlayır orda bir bulaq,
Yarpaqlar üstündə hələ də nəm var,
Mənim bu kölgədə bir xatirəm var.
Üz közə dönmüşdü, yanaqlar zərə,
Arxada uçurum, qarşıda dərə.
Hər insan ömrünün xatirələrə
Yetdiyi məqam var, çatdığı dəm var,
Mənim bu kölgədə bir xatirəm var.
Bürünüb, qərq olub yaşıl tüllərə,
Nəğmətək axardı saf könüllərə.
Heyif, tez qarışdı solan güllərə,
İndi uzaqlarda bir bəxti kəm var,
Mənim bu kölgədə bir xatirəm var.
Tutur bildiyini Yaradan, Xalıq,
Elə bil dəryadan ayrılır balıq.
Yaş kədər gətirir, zaman qocalıq,
Gözümdə həsrət var, könlümdə nəm var,
Ağac kölgəsində bir xatirəm var!
Mənim bu kölgədə bir xatirəm var.