Bacarıqlı insanları tanımaq, barələrində maraqlı yazılar yazıb, onları geniş oxucu kütləsinə tanıtmaq hər bir qəzetçinin, qələm sahibinin təqdirəlayiq arzularından biridir.
Surə xanımı tanıdığım ilk gündən onu növbəti müsahibəmi reallaşdırmaq üçün münasib tərəfdaş kimi hədəf seçmişdim. Tanışlığımızı və haqqında öyrəndiklərimi əsas tutaraq görüşdük.
– Qazandığı uğurlarla kifayətlənməyib, daha böyük arzulara can atan Surə Mehdiyeva özünü oxuculara necə təqdim edərdi?
– Azərbaycan Respublikasının vətəndaşı, Mehdiyeva Surə Tahir qızı. 1978-ci ildə İsmayıllı şəhərində anadan olmuşam. Şəhər 1 nömrəli orta məktəbini bitirmişəm. 1987-ci ildə İsmayıllı Uşaq İncəsənət Məktəbinin 7 illik fortepiano şöbəsi üzrə, 2006-2010-ci illərdə Bakı-Humanitar Kollecində musiqi təhsil almışam. Hazırda İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbində musiqi müəllimi işləyirəm. Çalışdığım təhsil ocağında və ümumilikdə, uğur kimi qəbul olunan işlərimlə bağlı onu qeyd edə bilərəm ki, uzun müddət məktəbə direktorluq etmiş, respublikanın Əməkdar müəllimi, şəhər 1 nömrəli tam orta məktəbin öz liderliyini qoruyub saxlamasında əvəzsiz rolu olan Şəfaqət Rəsulovun mənə çox böyük dəstəyi olub.
– Gəncsiniz. Hər işdə fəallıq nümayiş etdirməyinizi, həmkarlarınızdan fərqlənməyə can atmanızı qısqanclıq kimi qəbul edək, yoxsa bunun başqa səbəbləri də var?
– Hər nədirsə, bu keyfiyyət uşaqlıqdan mənimlə yoldaşlıq etməkdədir. İcrasını öhdəmə götürdüyüm istənilən işdə öncül olmaq hər zaman başlıca məqsədim olub. Dahi Nizaminin bu kəlamları qulaqlarımın ən dəyərli “sırğa”sı olub:
Bir kamil palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
2007-ci ildə İsmayıllı şəhər məktəbləri arasında keçirilən “İlin ən yaxşı musiqi rəhbəri” müsabiqəsində qalib olmağım sonrakı arzu və uğurlarım üçün bir başlanğıc oldu. Həmin il İsmayıllı RTŞ-nın Fəxri fərmanı ilə təltif olundum.
2009-cu ilin sentyabrından Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmuşam. Ulu öndərin idrak və arzularının qayəsi olan bu təşkilatının qarşıya qoyduğu vəzifələrin icrasında önəmli sayılan bütün tədbirlərdə fəallıq nümayiş etdirməyi vətəndaşlıq borcu hesab edirəm. Bu sahədəki çalışmalarımın Fəxri fərmanla mükafatlandırılması məni daha vacib tapşırıqların həllinə səfərbər edir.
– Müəyyən səbəblərdən orta ixtisas təhsili ilə kifayətlənməli olmusunuz. Ali təhsil almamağınız daha böyük istəklərinizin reallaşmasında əngələ dönmür ki?
– Bu suala birmənalı cavab vermək olmaz. Əksər hallarda bu məsələ görmək istədiyim işlərin çərçivəsini kiçildir. Amma işi ali təhsil diplomu ilə deyil, bacarıq, istedadla ərsəyə gətirmək olur. Bugünkü elmi-texniki tərəqqinin imkanlarından istifadə etməklə hər kəs savad dairəsini istədiyi mərtəbəyə qaldıra bilər.
2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Mədəd təşkilatı tərəfindən təşkil edilmiş Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi kursunda öyrəndiklərim öndəki fikrim üçün bir istinad nöqtəsi oldu. 2010-cu ildən məktəbimizdə yaradılmış Kiçik Akademiyanın musiqi rəhbəri kimi çalışmağa başladım. Şagirdlərdə bədii-estetik zövqün oyanması və inkişafı üçün çoxsaylı tədbirlər həyata keçiririk.
Məktəbin musiqi rəhbəri kimi ölkə və dünya bəstəkarlarının yaradıcılığı ilə bağlı tədbirlərin keçirilməsini ənənə halına salmışıq. 2011-ci ildən IEARN Beynəlxalq Layihə Mərkəzinin üzvüyəm. Dərs dediyim şagirdləri beynəlxalq layihələrə cəlb edir, onların 50-dən çox ölkənin məktəbliləri ilə əməkdaşlığını təşkil etmişəm.
– Təhsil sahəsində aparılan islahatlarda musiqi dərslərinin təlimi prosesi də yeniləşməyə məruz qalıbmı və uğur hesab edilə bilən hansı işlərə imza atmısınız?
– Milli müstəqilliyimizdən və dünyaya inteqrasiyadan sonra görünən və yaradılan hər şeyin yeniləşməsi, bəşəriyyətə təqdim olunması yenilənmədə və müasirləşmədədir. Musiqi, incəsənət də gedən proseslərdən kənarda qala bilməz. Bu baxımdan başlıca vəzifəmiz milliliyimizi qorumaq və inkişaf etdirməkdir. Respublikanın birinci xanımı Mehriban Əliyevanın milli musiqimizlə bağlı çalışmaları hələ uzun illər bizim üçün fəaliyyət proqramı rolunu oynayacaqdır.
2012-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi” üzrə kursunu müvəffəqiyyətlə bitirdim. Bu illər ərzindəki zəhmətim diqqətdən kənarda qalmayıb. Rayonda keçirilən bayram şənliklərində və müxtəlif ictimai tədbirlərdə böyük həvəslə iştirak edirəm. Təşkilatçılıq və işgüzarlığıma görə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tərəfindən dəfələrlə Təşəkkürnamə və Fəxri fərmanla təltif olunmuşam. Təkcə müəllimliyə deyil, həyat üçün zəruri olan sahələrə marağım məni daha çox öyrənməyə, bununla yanaşı, daha çox iş görməyə sövq edir. Potensial imkanlarıma güvəndiyimdən daima axtarışda oluram, hər gün nəsə bir yenilik etmək həvəsi ilə yaşayıram.
– Fəaliyyətiniz çoxsahəlidir. Fərqli layihələr üzərində çalışırsınız. Vikipediya ilə bağlı layihənin qalibi və icraçısı olmusunuz. Bəlkə bir neçə kəlmə bu işlərə təkan verən amillərdən danışasınız?
– Məktəbimizdə İKT üzrə ekspert Ramil Süleymanov tərəfindən “Region gənclərinin inkişafına dəstək” təlimi keçirildi. Bu təlim zamanı öyrəndiklərim sərbəst şəkildə layihələr işləməyə yönəltdi. Vətənə sevgimi əməli işdə göstərməyə can atıram. Bu istək məni 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 3-cü qrant müsabiqəsi çərçivəsində C kateqoriyası üzrə “Gənclərlə Vikipediyada Qarabağ həqiqətlərinin dünya ictimayyətinə çatdırılması” layihəsində qalib olmağıma gətirib çıxartdı. Bu layihədə məqsədim Vikipediyadan səmərəli istifadə etməklə, gənclərimizin potensial imkanlarından istifadə, Qarabağ həqiqətlərini İKT resurları vasitəsi ilə dünyaya çatdırmasına nail olmaq idi. Layihənin təqdimatı İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində keçirildi. Təqdimat tədbir kimi kütləvi informasiya vasitələri tərəfindən respublika səviyyəsində işıqlandırıldı. Təqdimat mərasiminin təşkilinə görə İsmayıllı rayon İcra Hakimiyyəti başçısı çox hörmətli Mirdaməd müəllimə minnətdarlığımı bildirirəm. Bu təqdimat sonrakı işlərim üçün sanki bir qapı açdı.
– Gördüyünüz işlərlə qarşınıza qoyduğunuz məqsədlər arasında məsafə sizi razı salırmı? Məqsədinizə nə dərəcədə nail olmusunuz?
Arzularım çox və müxtəlifdir. Başlıca məqsədim Vətənə layiqli xidmətdir. Vətənə hamımız borcluyuq. Özümü tanıyandan borclu qalmağı sevməmişəm. Öhdəmə götürdüyüm işi yarımçıq qoyduğum da yadıma gəlmir. Öyrətdikcə öyrənməyə üstünlük vermişəm.
O səbəbdən məni musiqi müəllimləri üçün yaradılmış Dayaq əntəqəsinin rəhbəri seçiblər. Fəaliyyətim dövründə Azərbaycan Müəllimlər İnstitutunda “Öyrədənlərin öyrədəni” kursunu müvəffəqiyyətlə bitirdim, ”Öyrədən” statusu qazandım.
AzETA-nın qeyri-ixtisas müəllimləri qrupunun üzvüyəm. Bu təşkilat tərəfindən keçirilən elmi-praktik konfranslarda iştirak edirəm.
“İKT ili” çərçivəsində çalışmalarım uğurlu alındı, müxtəlif qiymətli hədiyyələr, mükafatlar qazandım.
İsmayıllı rayon Gənc Müəllimlər Şurasının üzvüyəm. Məktəblə yenicə təmasa girən gənc müəllimlərə dəyən köməyimdən mənəvi güc alıram. İsmayıllı müəllimlərinə rəhbərlik edən Əməkdar müəllim Rasim Orucovun da üzərimdə diqqət və qayğı payı var.
Rayonda hər il keçirilən “İstedad sorağı”nda müsabiqəsində şagirdlərimin – Aygün Rəsulova, Aysel Cəfərova və bir çoxlarının müxtəlif dərəcəli diplomlar qazanması məni daha yüksək enerji ilə daha geniş meydana səsləyir.
– İllər keçdikcə çox dili bilmək marağınızın daha da artmasını nə ilə izah edərdiniz?
– Rus dilində təhsil almışam. Çox dil bilənləri həmişə daha imkanlı hesab etmişəm. Yeni dillər öyrənməyə bu gün də maraqlıyam. Azərbaycan bölməsi ilə yanaşı rus bölmələrində oxuyanlara da dərs keçirəm. Beynəlxalq layihələrə olan ciddi marağım üzündən rayonumuza ezam olunmuş Sülh korpusunun könüllüləri Alaxandra Solomon və Emi Baldvinin təşkil etdiyi 3 aylıq ingilis dili kurslarında iştirak etdim. Eləcə də, rayon İcra Hakimiyyəti başçısınin təşəbbüsü ilə Bakı şəhərindən dəvət olunmuş Rəşad Paşazadənin 6 aylıq ingilis dili kursunu keçmişəm. Təcrübə mübadiləsi məqsədilə Rusiya, Türkiyə və Almaniya müəllimləri ilə sıx əlaqə yaradır, skype görüşləri keçirir, vebinar və onlayn konfranslara qatılıram. Əməkdaşlıq etdiyim ölkələrin məktəblərindən məktublar toplayaraq musiqi otağında dostluq guşəsi yaratmışam. “İctimai” TV-də yayımlanan “Açıq dərs” verilişində “Musiqi dərsi” mövzusunda çıxış etmişəm. Bakı şəhəri Z.Əliyeva adına liseyin informatika müəllimi Vəfa Vəliyeva ilə İKT-nin təlimə tətbiqi ilə musiqi və informatika fənlərinin əhəmiyyətindən danışmışıq.
– Qazanılan uğurlar və yeni layihələr üzrə işləmək istəyini gerçəkləşdirmək əsas işiniz üçün maneələr yaratmır ki?
– Əksinə. Çox öyrəndikcə, daha irəli getmək, daha sanballı layihələrin icrasına qoşulmağa can atıram.
2013-cü ilin oktyabr ayında Təhsil Nazirliyinin təşkil etdiyi “İctimai təşəbbüslərin dəstəklənməsi ” üzrə layihə müsabiqəsinin qalibi, Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Ceyhun Bayramovla müqavilə imzaladıq. Müqaviləyə əsasən, innovativ müəllimlərdən ibarət qrupa rayonun ucqar kəndlərində çalışan müəllimlərin İKT bacarıqlarını artırmaq məqsədi ilə 6 ay müddətinə rəhbərlik etdim. Layihənin icrası müddətində 300 nəfər müəllim müasir texnologiyalardan səmərəli istifadə etmək imkanı qazandı.
2014-cü ildə Türkiyənin e-Twinning NSS-si tərəfindən təşkil edilmiş ”e-Twinningdə yaradıcı əllər” 24 saatlıq onlayn təlimini uğurla başa vurdum. Bu layihə çərçivəsində 3 keyfiyyət nişanı ilə mükafatlandırıldım. Daha sonra Avropanın e-Twinning üzrə meneceri Anne Gilleranın “Bir Twinspace yolçuluğu” onlayn təlim kursunu bitirdim. Rusiyanın Sankt-Peterburq şəhərində təşkil edilmiş “Distant təhsil – Gələcəyə baxış” adlı 4-cü Beynəlxalq elmi-praktik konfransa dəvət olundum. Konfransda fəal iştirakımla təşkilat komitəsinin sertifikatına layiq görüldüm. Elə həmin il “e-Twinning layihələrinin planlaşdırılması ” üzrə onlayn təlimini də uğurla başa çatdırdım. Bakı şəhərində dünyanın bir çox ölkələrindən dəvət edilmiş təhsil səfirləri və e-Twinning-də çalışan müəllimləri arasında keçirilən Beynəlxalq kontakt seminarında xüsusi sertifikata layiq, uğurla iştirak etdim. 2015-ci ildə də bir sıra ünlü beynəlxalq təlim və müsabiqələrin iştirakçısı oldum.
Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi İNTEL GƏLƏCƏK ÜÇÜN Təhsil Təliminin təlimçisi olmağım isə əlavə pedaqoji təcrübə olmaqla, imkan və bacarığımı üzə çıxartdı.
– “Sizə lazım deyilsə, bizə gətirin ”- xeyriyyə aksiyası da təşəbbüsünüzdür. Necə oldu ki, bu ideya gerçəkləşdi?
Bu olduqca rahat və səmimi bir işdir. Ehtiyacı olanlara kömək etdikdə insanın ruhu dincəlir. Məktəb nəzdində ikinci ildir fəaliyyət göstərən “Mərhəmət” təşəbbüs qrupunun rəhbəri olmaq olduqca qürurvericidir. Məktəb rəhbərliyi və müəllimlərin dəstəyi ilə imkansız və aztəminatlı ailələrə kömək məqsədi ilə təşkil edilmiş sözügedən layihə çərçivəsində görülən işlər doğrudan da təqdirəlayiqdir. Qrupumuzun işini ilk bəyənən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi oldu. Mərkəzin direktoru Lətifə Əliyevanın, bu təşkilatda çalışanların iştirakı ilə rayonda yaşayan aztəminatlı və kimsəsiz ailələrə üz tutduq. Keçirilən görüşlərdə “könüllü musiqiçi” şagirdlərin ifasında xüsusi qayğıya ehtiyacı olan insanların əhval-ruhiyyəsini yüksəltmək məqsədi ilə mahnılar səsləndirilir. Könüllülərimizin sayı artmaqdadır.
Layihənin icrasında şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Şahin Gənciyevin və müəllim yoldaşlarımın əvəzsiz rolu olub.
– Üzərində işlədiyiniz son layihə nədən bəhs edir?
Bu il “O, bacarıq – 1 saylı” layihəsi ilə böyük sənətkarlar yetişdirən İsmayılı torpağındakı istedadlı gənclərin sorağına çıxdıq. O cümlədən, məktəbimizin bacarıqlı şagirdlərini aşkarlayaraq maraqlı konsert proqramı hazırlamışıq. İstedadlar məktəb rəhbərliyi tərəfindən diplom və mükafatlara layiq görülüblər.
Əvvəldə qeyd etdiyim kimi biz dünyanın bir çox ölkələri ilə əməkdaşlıq edir, Azərbaycan mədəniyyətini, Azərbaycan həqiqətlərini onlara təqdim edirik. “Multikulturalizm ili” çərçivəsində Türkiyənin Uşaq qəsəbəsinin məktəbləri ilə əməkdaşlıq edirik. Türkiyənin Təhsil Nazirliyi tərəfindən bəyənilmiş “Dostluqdan cücərən toxumlar” layihəsinin icrasına hazırlaşırıq. Sentyabr ayında tərəfdaşlarımız İsmayıllıya səfər edəcəklər. Onlar Lahıc və Basqal qəsəbələrinin tarixini öyrənmək marağındadırlar.
– Müsahibəyə görə çox sağ olun! Ümidvaram ki, tezliklə növbəti uğurlarınızı işıqlandırmalı olacağıq.
– İnşallah!
Elnarə GÜNƏŞ,
zərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının xüsusi müxbiri