mm

Dağlar oğlu, bu keçiddə dayan, dur,
Öndə gedən bələdçini dayandır,
Burda mənə dağlar özü həyandır,
Qayalarla verəcəyəm əl-ələ.

Mən bilirim xislətini dağların,
Sınamışam qüdrətini dağların,
Çox çəkmişəm həsrətini dağların,
Gül şehinə batacağam mən hələ.

Bu dağların hər gədiyi, yarğanı,
Yoldan eylər müsafiri, yorğunu,
Duman olar zirvələrdə yorğanın,
Şirin-şirin layla çalar şəlalə.

Cığırları dolaşdıqca nəfəs dər,
Bir möcüzə açarı var hər izdə,
Ocaq qala zirvələrdə qar üstə,
Sonra “Çoban-bayatı”nı çək zilə.

Bulaqların dodağında zümzümə,
Daş qapılar dönük çıxıb ,Sim-simə”,
Bu yollarda Kərəm düşüb tilsimə,
Qayalarda səda qalıb: “Can, Lələ!”.

Müzəffərəm, Muğan düzü oylağım,
“Savalanda yatan igid” * göz dağım,
Zirvələrə toxunmasa ayağım,
Yad olaram bu ocağa, bu elə.
1984
*Dırnaq arasındakı sözlər Məmməd İsmayılındır.