mm

Gözəl şairimiz Saday Şəkərliyə
azadlıq arzusu ilə

Azadlıq əbədi haqqındır sənin,
Bir gün alacaqsan haqqını, qardaş.
Bəxtə daş atanlar qalmaz cəzasız,-
Günahdır, tapdanmaz haqq qını, qardaş.

Keçdin bu dünyanın qıl körpüsündən,
Səni qorxutmadı qır qazanları.
Nahaqqın önündə pəs edərmi heç,
Tanrı aşiqləri, haqq ozanları?

Sözü əlac bildin dərdlərinmizə,
Yazdın, şəfa tapsın yaralı Vətən.
Fəqət bilmədin ki, durub pusquda,
Sənə söz atacaq hər yoldan ötən.

Böhtan dayaq durdu, yeridi yalan,
Gəldi taleyinə, bəxtinə qədər.
Büküb ürəyinə əzizlədiyin,
Müqəddəs arzular qəlbini didər.

Dədə Nəsiminin, ulu Vaqifin,
Cavidin, Müşfiqin, Əhməd Cavadın…
durdun sırasında Saday Şəkərli,-
Məhbus şairlərə qoşuldu adın …

Azadlığın üçün, Vətən, can verən,
Oğullar qoynunda məhbusa dönür.
El üçün alışıb-yanan şairin,
Çırağı qaralır, ocağı sönür.