hələ dumanların duru vaxtıydı…
hüznün doğmasıydım… sevincin yadı…
ayna sulardan da gün uzağıydı…
aydan “bəxt üzürdü” bir “nakam qadın…”
hələ incikliyim… nazdan ötəydi…
nazım ulduzlara keçərdi ancaq…
qadınlıq “o şıltaq qızdan” ötəydi…
qadındı… nə vaxtsa Ana olacaq…
hələ torpağın da dan üzü vardı…
könlümü alardı… geri verməzdi…
yaşıl yarpağın da qan üzü vardı…
Allahdan başqası dilin bilməzdi…
hələ küllənirdi gecəmdə kimsə…
mənə qarğıyırdı bəlkə… nə bilim…
qədərin sözünü eşitmədim mən…
deməli qovuldum… yoxdu bir evim…
nəsə… ötənləri unutmam gərək…
məni bir şeirə bük… dənizlərə at…
vidalar “ürəyimə bir tikə çörək…”
sən məni düşünmə… “yaşa başını qat…,,