“Bizim böyük qanunun bu sabah günəşi kimi parlayan qüdsiyyətinə and içirəm ki, hər kim olsa da, mənim barmaqlarım titrəməyəcəkdir! Doğruya zaval olmadığı kimi, əyriyə də aman olmayacaqdır!!!”
“Mehman”
─Qalxın, məhkəmə gəlir! –deyə elan etdilər.
Hakim öz yerinə keçdikdən sonra hər kəs əyləşdi.
Bu gün məhkəmənin son iclası idi. Hökm oxunmalı idi. Hamı səbirsizliklə hakimin hökmünü gözləyirdi. Ədalət və mərhəmət hissi bu gün qarşı –qarşıya idi. Kimisi hələ də qəlbində azacıq ümidlə ədalət məhkəməsindən mərhəmət umur, kimisi isə ən sərt cəzanı tələb edirdi. Günün sonunda kim isə qismən yüngüllük hiss edəcək, digərlərinin qəlbinə ağırlıq çökəcəkdi.
Hər kəsin diqqəti hakimdə idi. O, isə ona zillənən baxışları sanki hiss etmirdi, elə bil heç kəsi görmürdü. Ədalət tələb edən prokuror da, bir qədər daha yüngül cəza kəsiləcəyinə ümid bəsləyən vəkillər də məhkəmə zalında iştirak edən hər kəs kimi narahatçılıq keçirir, qərarın tezliklə açıqlanmasını istəyirdilər.
Nəhayət ki, gözlənilən an yetişdi.
Qarşısındakı qovluğa bir daha nəzər salan hakim təmkinlə ayağa qalxdı. Duruşundakı əzəmət və vüqarı ilə, o, sanki dənizin ortasından tədricən yüksəlməyə başlayan tunc heykəli xatırladırdı. Uca və aydın səslə, tələsmədən hökmü oxumağa başladı.
Hakimin son sözləri və masanın üzərinə vurulan çəkicin səsi çoxlarını diksindirdi:
─Qərar qətidir!
Masaya dəyən çəkicin ağırlığı əslində qəlblərə dəymişdi, çiliklənmiş arzuların, puç olmuş xəyalların əks –sədasını özündə cəmləmişdi.
Beləliklə, uzun zamandan bəri davam edən məhkəmə prosesi başa çatdı nəhayət.
Ədalət məhkəməsinin, hakim adının məsuliyyətini nə vaxtdır öz çiyinlərində daşıyan qanun keşikçisi ağır bir yükdən elə indicə xilas olmuş kimi rahat nəfəs aldı. Eynəyini çıxarıb zala göz gəzdirdi. Çıxardığı hökmün ədalətli olduğuna heç bir şübhəsi yox idi. Baxışlarını bu və ya digər insanların üzərində bir anlıq saxlamaqla sanki hər kəsin qəlbindən, fikrindən keçənləri oxumağa çalışdı. Bu onun təcrübəsində çətin,mürəkkəb və ən dolaşıq proseslərdən biri idi.
Sınayıcı nəzərlərini hər kəsin üzərindən keçirib ön çərgələrdə oturmuş bir insanın üzərində saxladı. Hakimin üzündəki sərt ifadə xeyli yumşaldı. Soyuq hakim baxışlarının arxasından qəlbi mərhəmət hissi və qayğı ilə dolu bir insan boylandı.
Saçlarına vaxtından tez dən düşmüş bu insan ədalət məhkəməsindən hamıdan çox ədalət uman, övlad acısıyla sinəsinə dağ çəkilən bir ata idi. Üzünün ifadəsindən hiss olunurdu ki, həyatında çox acılar çəkmiş, çox müsibətlərlə üzləşmişdi. Gümüş tellərinin hər biri qəlbinin bir acısından xəbər verirdi, baxışlarından nifrət, qəzəb və eyni zamanda yorğunluq hiss olunurdu.
Yalnız indi, hökm səsləndirildikdən sonra, o dərindən nəfəs aldı. Onun indi nə düşündüyünü, hansı hissləri keçirdiyini yanında dayanmış və bayaqdan bəri onun çiynindən əlini götürməyən yaxın dostundan başqa heç kəs anlaya bilməzdi. O, düşünür və qəlbində öz –özü ilə danışır, hər zaman onu narahat edən, hər yerdə təqib edən suallarına cavab axtarırdı:
“─Budur, hökm də oxundu! Amma nədən mənim ruhum, qəlbim rahat olmur?! Bu hökm mənim əzablarıma son qoymalı deyildimi? Bəs niyə son qoymur? Niyə qəlbim hələ də od tutub yanır?! …Nə qədər çətin imiş məhkəmə zalının bu biri tərəfində olub hakimin qərarını dinləmək! Allahım! Mənə bu sınağına da tab gətirmək üçün güc ver!”
Hakim zalı tərk etdikdən sonra hamı ayağa qalxıb bir –bir zaldan çıxmağa başladı. Polisin müşayiəti ilə ömürlük həbs cəzasına məhkum edilən qatillər də dəhlizə çıxarıldı.
─Ata! Qalxın gedək! –deyə hündür boylu və yaraşıqlı gənc saçlarına qar ələnmiş insana müraciət etdi. Onun qolundan tutdu.
Həyatın çətin sınaqlarından keçən, övladının itkisi ilə hələ də barışa bilməyən ağ saçlı ata təmkinlə ayağa qalxdı. Gəncin çiyninə əlini vuraraq gözlərini açıb yumdu. Ağır addımlarla qapıya tərəf getdi. Bir anlıq dayandı, başını çevirib zala baxdı. Son dəfə baxırmış kimi zala göz gəzdirdi. Elə bil bu divarlarla söhbətləşmək, bəlkə də vidalaşmaq istəyirdi. Oturacaqlara, dəmir barmaqlıqlara və sonunda hakim kürsüsünə nəzər saldı. Hakimlərin hamısı üçün məhkəmə proseduru, demək olar ki, eyni idi. Bu proses də əvvəllər bu salonda keçirilən digərlərindən heç nə ilə fərqlənirmirdi. Fərqli olan yalnız onun bu an yaşadığı öz hissləri idi… Köksünü ötürdü…
Dəhlizə çıxdı. Onu qapı ağzında gözləyən oğluna və dostuna yaxınlaşdı. Əlini onun çiyninə qoydu, gözlərinin içinə baxdı. Lal baxışlarla çox sözləri dilə gətirməyə çalışırdı əslində. Soyuq və cansız divarlardan süzülüb qəlbinə dolan acı və sıxıntıdan xilas olmaq, buranı tərk etmək istəyi bürümüşdü kədərin özünə məkan tapdığı ruhunu.
Baxışlarından onun nə demək istədiyini anlayan dostu heç bir söz demədən başını tərpətdi. İllərin sınağından öz dostluqlarını keçirməyi bacaran bu insanlar bir –birlərini sözsüz də anlayırdılar.
Qeyri –ixtiyari polisin müşayiəti ilə yanından ötüb keçənlərə yönəldi diqqəti. Bir az əvvəl müttəhim kürsüsündə əyləşən, məhkəmənin qərarı ilə barələrində ömürlük həbs cəzası kəsilən qatillərə bir daha nəzər saldı. Cinayət cəzasız qalmadı! Bağrına övlad dağı çəkilmiş atanın gözlərinin içinə baxmağa cəsarəti çatmayan, vicdan əzabında boğulub, qanun qarşısında titrəyən kəsləri baxışları ilə əzməyə çalışırdı sanki. Hətta ürəyində onların halına acıdı da.
Dəhlizin sonunadək addımlayıb gözdən itincəyə qədər baxışları ilə onları izlədi.
─Bilirəm, mənim çıxardığım qərar sənin ağrı –acılarını azaltmayacaq… Sənə yalnız bir sözlə təsəlli verə bilərəm: Heç bir cinayət cəzasız qalmır! Bu cinayət də cəzasız qalmadı!
Fikirdən ayıldı. Ona tanış olan səs bir qədər əvvəl məhkəməyə sədrlik edən hakimin səsi idi. Hakim əlini onun çiyninə qoyub mülayim bir səslə övlad itkisinin acısı ilə qovrulan ataya təskinlik verməyə çalışırdı.
Hakimin ədalətli qərarı, sərt hökmü qəlbi parçalanmış atanın kədərini, acısını azalda bilərdimi? Əsla! Onun çəkdiyi iztirabların yanında məhkəmənin hökmü nə idi ki?! Heç nə! Bağrına çarpaz dağ çəkilmiş bütün atalar kimi, indi o da, ən böyük ədaləti Allahından istəyirdi.
O, heç bir söz demədən gözlərini açıb yumdu. Məslək yoldaşına, həmkarına əlini uzatdı, əlini sıxdı, baxışları ilə dərdinə şərik olduğu üçün ona minnətdarlığını bildirdi.
Hər gün keçib getdiyi dəhlizdən pilləkənlərə tərəf addımladı. Əzəmətli ədalət ilahəsinin tunc heykəlinə sataşdı bir anlıq gözləri. Dayandı. Qəlbində söhbətləşirmiş kimi bir xeyli gözlərini çəkmədi. Kim bilir, ədalət ilahəsinə nələr deyirdi indi, bəlkə dərsləşir, bəlkə də vidalaşırdı. Köksünü ötürdü. Getməli idi. Bir neçə addım atdı. Ayağını pilləkənə basar –basmaz ürəyi sıxılmağa başladı. Köksündə bir ağrı, yanğı hiss etdi. Qeyri –ixtiyari əlini sinəsinə apardı. Gözlərinə qaranlıq çökdü. Ətrafdakı insanlar kölgə kimi göründü gözlərinə. Səslərini eşidir, lakin onların nə dediklərini anlaya bilmirdi. Dünya başına hərləndi. Müvazinətini saxlamağa çalışdı. Bacarmadı.
Həmişə olduğu kimi bu dəfə də dostu əlini buraxmadı, vaxtında qolundan tutub saxlamağı bacardı, onu yıxılmağa qoymadı. Qapı ağzındakı növbətçi polisə səslənib təcili yardım çağırmağı tələb etdi.
Həyəcandan bənizi ağarmış narahat gənc yalnız bir söz deyə bildi:
─Ürəyidir!
Növbətçi polislə bərabər bir çoxları onlara tərəf qaçdı. Köməkləşib onu qapı ağzındakı oturacaqlardan birində oturtdular. Yardım etmək istəyən və sadəcə maraqdan yaxınlaşanların hərəsi bir söz deyir, hərə bir məsləhət verirdi. Onların səsləri, məsləhətləri onsuz da gərgin və həyəcanlı gənci narahat etməyə başladı. Əsəblərinə hakim olmağa çalışaraq üzünü ətraflarına yığışmış insanlara tutub sərt ifadə ilə dedi:
─Xəstəyə hava lazımdır. Xahiş edirəm, kənara çəkilin!
─Pəncərələri açın!–kimsə nəzarətçiyə səsləndi.
–Ata! Məni eşidirsiz? –soyuqqanlılığını qorumağa çalışan gənc yenidən soruşdu. Təcili yardım gələnə qədər gözləməyə vaxtı yox idi. Tələsik köynəyin yaxasını açdı ki, rahat nəfəs alsın. Ona ilk yardım göstərməyə çalışdı.
─Təcili yardım gəlincəyə qədər heç nə etməyin! Qoy həkim gəlsin! Belə momentdə gərək həkimsiz heç nə etməyəsən! Bilmək olmaz, bəlkə infarkt keçirir… –gəncin kürəyindən boylanan orta yaşlarında bir kişi məsləhət verdi.
Gənc başını çevirib bir anlıq sərt baxışlarla onun işinə irad tutan adamı süzdü. Yenidən atasına tərəf əyildi. Nəbzini tutdu. Dəsmalı ilə üzünün tərini sildi.
Yavaş –yavaş özünə gəlməyə başlayırdı. Nə isə demək istədi. Lakin söz deməyə halı yox idi. Dikəlməyə çalışdı. Oğlu əlini qabağa verib sinəsindən tutub saxladı, onu hərəkət etməyə qoymadı:
─Rahat olun, təcili yardım gəlincə çalışın heç bir hərəkət etməyin!
O, sevgi dolu baxışlarla narahat halda vurnuxan, tez –tez təcili yardım maşını üçün pəncərədən həyətə boylanan oğluna və əlini ovcunda tutub sıxan dostuna baxdı. Kədərli və narahat gözləri ilə sanki dostuna vacib sözlər deməyə çalışırdı. Xırıltılı səslə dostunun adını çəkdi:
─Hə…mid…
Dostu ona tərəf əyildi, əlini buraxmadan qayğılı səslə astadan dedi:
─Fərid! Sənə tərpənmək olmaz! Sus! Heç bir söz demə!
O, dostunun sözlərini dinləyib gözlərini açıb yumdu. Qayğıkeş dostunu mehriban baxışlarla süzdü.
Təcili yardım maşınının səsi eşidildi. Adətən ürəklərdə həyəcan, bəzən isə kədər və təəssüf hissi oyadan bu səs indi onlar üçün ümid sədası idi. Bir neçə nəfərdən ibarət olan təcili yardım briqadasının işçiləri qapıdan içəri daxil oldular. İtirilən hər dəqiqə xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilərdi. Vaxt itirmək olmazdı. Xəstəyə təcili tibbi yardım göstərilməli idi. Xəstəni xərəyə uzadıb tələsik məhkəmə binasından çıxardılar.
Kövrək səslə dostuna “möhkəm ol”deyə pıçıldayan Həmid təcili yardım maşınının qapısına qədər dostunun əlini ovcunda sıxıb buraxmaq istəmirdi. Onu tək qoymaq istəmirdi. Tək qoya bilməzdi!
─Yalnız bir nəfər! Ən yaxın adamı bizimlə gəlsin! –Həkim briqadasının başçısı dedi.
─ O, mənim atamdır! Mən həkiməm! –deyərək gənc cibindən vəsiqəsini çıxarıb göstərdi. Sonra üzünü Həmidə tutdu,–Əmi, xəstəxanaya çatana qədər atamın vəziyyətini özüm nəzarətdə saxlamaq istəyirəm…
─Get, Ceyhun! –deyə Həmid dostunun əlini buraxıb gəncin çiyninə qoydu əlini. –Dostum sənə əmanət!
Gözləri dolmuş Ceyhun minnətdarlıq hissi ilə Həmidə baxdı:
─Əlimdən gələni etməyə çalışacam! Dua et, əmi!
Həmid daha heç bir söz demədi, başını tərpətməklə kifayətləndi. Bir müddət yerində dayanıb donmuş nəzərlərlə təcili yardım maşınının arxasınca baxdı. Təcili yardım gözdən itincəyə qədər gözlərini eyni bir nöqtəyə zilləyib durdu. Özünü ələ almağa çalışdı, bacarmadı. Gözləri doldu… qəhərləndi… Bu onun canından çox sevdiyi, uğruna canını fəda etməyə hazır olan ən yaxın dostu idi. Həyatda hər şeyini öz işinə, əqidəsinə qurban edən bu insan xalq hakimi Fərid Əfəndiyev idi.
Ardı var…