Bir həzin yaz axşamı,
Olduq qonağı sazın.
Aşığın yanağını,
Öpdü yanağı sazın.
Axdı nəğməli sellər,
Coşduqca coşdu dillər,
Dedik alışıb tellər,
Yanar çanağı sazın.
Bir duyğulu ürəkdir,
Buluddan da kövrəkdi,
Bizi tarıma çəkdi,
Belə sınağı sazın.
Sığındıq mehrinə biz,
Dözdük hər “qəhrinə” biz,
Bələndik sehrinə biz,
Bu dastan, nağıl sazın.