Aşıq Ədalət saz çalarkən
Sədəfə tutdurram səni,
Sinəmə yatdırram səni,
Dil-dil oxutduram səni,
Nəğmələnmiş arzum mənim,
Qu boğazlı sazım mənim.
Sən Məcnunun Leylasısan,
Anamın ilk laylasısan,
Öz ruhumun balasısan,
Ömrüm, günüm, yazım mənim,
Qu boğazlı sazım mənim.
Sözümün ekiz tayısan,
Qorqud babamın payısan,
Əsrlərin harayısan,
Dünyayla təmasım mənim,
Qu boğazlı sazım mənim.
Çaldıqca cövlan eylədin,
Ötəni yoldan eylədin,
Hər dərdi yalan eylədin,
Çağlayan Arazım mənim,
Qu boğazlı sazım mənim.
Hər sahil bir üzəngidir,
Bu vüsal yaman ləngidi,
Sinəndən qalxan “Cəngi”dir,
Öndədir Eyvazım mənim,
Qu boğazlı sazım mənim.
“Misri” dinəndə dinmisən,
Köksüm üstə isinmisən,
Canımmısan, gözümmüsən?
A şirin avazım mənim,
Qu boğazlı sazım mənim.