ep

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin və Gənclər Şurasının üzvünü, Prezident təqaüdçüsünü, Gənclər mükafatçısını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

Mətbuat xidməti

Emin PİRİ (Emin Piri Sabir oğlu) 1986-cı il sentyabr ayının 8-də Cəlilabadda anadan olub.2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində bakalavr, 2012-2014-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində magistr dərəcəsi üzrə ali təhsil alıb.2008-2010-cu illərdə cəbhə bölgəsində tağım komandiri (leytenant) kimi xidmət edib.
2013-cü ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nin məsul katibidir.Prezident təqaüdünə layiq görülüb.Azərbaycan Yazıçılar Birliyinin və Gənclər Şurasının üzvüdür.
2014-cü ildə 2013-cü ilin yekunlarına əsasən Gənclər və İdman Nazirliyi tərəfindən ədəbiyyat sahəsindəki uğurlarına görə “Gənclər mükafatı” ilə təltif olunub.Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə gerçəkləşən “Ən yaxşı şeir”, “Nəsimi” müsabiqəsinin qaliblərindəndi.
Şeirləri “Azərbaycan”, “Ulduz” jurnallarında, “Ədəbiyyat qəzeti”, “525-ci qəzet”, “Elimiz.Günümüz” qəzetlərində, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.
AzVision.az saytının əməkdaşı, gənc şair Emin Piri ədəbiyyat sahəsindəki nailiyyətlərinə görə “İlin ən istedadlı gənci” mükafatına layiq görülüb.Hal-hazırda Sumqayıt şəhərində yaşayır.
Emin Piri bir neçə gün öncə isə Sumqayıt şəhərində “İlin gənci” seçilmişdi.
2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən �Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər� layihəsi çərçivəsində �Bölgələrdən səslər� kitabında şeirləri dərc olunub.

UŞAQLIQ İLLƏRIM ASAN KEÇMƏYIİB

Çətin keçib uşaqlığım,
ayaqqabım yırtılardı
Böyüyəndə ayağım.
ayağınız böyüməsin deyə
dua etmisinizmi heç?!
Uşaqlıq illərim asan keçməyib…
Bir az çətin olub uşaq illərim.

Sərhəddin
tikanlı məftilləri kimi görünərdi
kasıb uşaqlarının gözündə
məktəb bufetinin qapısı.
O sərhədi keçə bilmək
alın yazımıza qarşı
ən böyük üsyan idi.
bəlkə də həyatımızın
ən böyük inqilabı.

Anamın erkən ağaran saçlarında
görünürdü
ala bilmədiyi oyuncaqlar.
Taleyin oyuncağına çevrilmişdik.
Bəs hardaydı
Körpələri sevən Tanrı?!

Hindus olmasaq da,
atamızın cibinə görə
bölmüşdülər bizi
sinif otaqlarında
Kastalara.
Dəniz suları okean sularına
qarışmadığı kimi
Bizi qarışdırmazdılar…
Heç də sevgidən udmur
Okean balıqları
Dəniz balıqlarını.
Oynayanda belə varlı uşaqları
Bizi özlərinə yaraşdırmazdılar.
Paltarının yamağını gizlətməkdi
varlıların gözündən
Kasıb uşaqlarının oyunu.

Kişilər ağlamaz deyən anam
yerimə özü ağlardı.
Nağıl söylərdi,
göydən üç alma düşməzdi nağıllarında,
deməzdi bunu anam –
birdən ürəyimiz alma istəyər…

MƏLƏKLƏRƏ ATILAN MƏRMILƏR…

Toplardan,
təyyarələrdən
doğan uşaqlar
yerdə bələklərdən çıxırdı.
uşaqların yerdə
batan səsləri
göydə mələklərdən
çıxırdı.

Analar saxlaya bilmirdi
bombaları
uşaqlar qaça bilmirdi
bombalardan.
hara qaçsalar da
bombalar tuturdu uşaqları.
şəhər bombalanarkən
itirmişdi
altıaylıq körpəsini.
qoparmışdı
əllərindən mərmilər.
bir qolu balasında
biri özündə qalmışdı ananın…

itgin qoluna yalvarıb,
itgin balasını tapşırırdı, ana:
�yaxşı bax balama
ağlayanda
əllərindən tut,
bir az güldür.
qulağı üşüyəndi
qulağını yaxşı ört�.

Balasıyla itən
qolunu günahlandırıb,
geri qayıtmayan
əlinə ağlayırdı.
itirdiyi qolunun
yerinə baxıb
yarasını danlayırdı,
ana.

bu dağılmış şəhərin
hər daşını qaldırıb,
axtarırdı yavrusunu.
daş qaldırmaqdan
daşa dönmüşdü təklənmiş əli.
ancaq bala vermirdi
daşlar…
on altı il keçsə də
ana balasını axtarırdı
altı aylıq körpələr arasında.

SAĞ QALAN VARMI?!…

Əsgər sinəsi axtarır
isinməyə
fevral şaxtasından
üşüyən güllə.

hər əsgər tabutu
bir ağ gəlinliklə köçər…
əsgər deyil,
sevən qızın arzularını
götürüb gedər
hər atılan güllə.

soba yanında
gecə yarısı bir qız
məktub yazır səngərə.
anasının yarıyuxulu
�qızım yatmamısan?�
sualına diksinib
�üşüyürəm, ana
odun atıram sobaya�…

Daha
gecələri oyaq qalmağa
soba yanında
məktub yazmağa,
yalandan üşüməyə
sobaya odun atmağa
ehtiyac yoxdu…
tağım komandirinin
səngərdən qıvrıla-qıvrıla
boğuq səsi gəlir:
kimsə sağdı?!

AYAĞIM ÖZÜMDƏN QEYRƏTLI ÇIXDI

çiçək açırdı
torpağa basdırılan
minalar
toxunanda ayaqlar.
çiçəklər yara açırdı
yaralar
anaların yuxusuna qaçırdı.
yuxular qara xəbərin
ardınca qaçırdı.

Qəlbinə qara xal düşən qızların
gözünün altından
öpüş yerini
səhər eşitdiyi xəbərlər yuyar.
evli xanımlar
yatağında yox,
torpaqda
əriyçün dərin yer salar.

�O da cəbhədəydi
mərmilər qucaqlamışdı
sağ ayağının addımını.
arxada can verən
addım səsinə
qayıdıb
itmiş ayağını aldı əlinə.
Bir vaxt sevgilisinə
gül verən əllər
bugün nə aparacaqdı?!

cəbhədə qalan sağ ayağının
təqaüdünü də
sol ayağı alıb xərcləyir!
danlayır özünü hər səhər-axşam
əlini başına, dizinə çırpır:
o qaldı cəbhədə,
mənsə qayıtdım
ayağım özümdən qeyrətli çıxdı.

BAŞ DAŞLARI UTANDIRDI MƏNİ

Şəhid məzarlarını
mərmərə bükdük,
daş qoyduq başlarına
qalxa bilməsinlər
üzümüzə tüpürməyə.

Bu yaşıma görə
şəhidlər xiyabanında
18 yaşlı
baş daşları
utandırdı məni.

məndən kiçikdi hələ
məndən öncə doğulanlar
əmi deyib
üstümə qaçır başdaşları
bir əsgərin ölüm günü
başdaşının doğum günüymüş.

can qoydular
nə düşdü paylarına
sağ qalanlar
daşladılar
torpağının başını.

Şəhid məzarlarını
mərmərə bükdük,
daş qoyduq başlarına
qalxa bilməsinlər
üzümüzə tüpürməyə.

İTİRİLMİŞ ƏLLƏR

Görüşəndə
Sevgilisinin əlində
gözü axtarardı
ona veriləcək gülləri.

Indi
kitabları arasında qurutduğu
Gül ləçəklərində axtarır
Sevgilisinin səbhədə itirdiyi əlləri.

ALLAHIN ZARAFATI

Ölənlər oyanıb çıxa qəbirdən
durub dirilərin qaza qəbrini.
gedəsən sevdiyin qəbrin üstünə
görəsən yazılıb:
bir zarafatdı.

Şeytan da bezikib çıxa özündən
içindən allahın özü boylana
dönüb arxasıyca gələn bəndəyə:
�Yaman aldatdım ha…�
Deyə!

Sancıdan qıvrılan anaya
məktub gələ
bətnindəki körpədən:
məni gözləməyin,
bu, zarafatdı.

75 yaşında döyülə qapın-
məktəbdə sevdiyin qızdı
qayıdıb.
əlində əsanın qoyduğu qabar
toxuna saçlarına…
Qoşulub Iblisə çıxıb gedəsən
Allahın dalınca qeybət edəsən
arxanca mələklər yalvara
Allah da göydən qışqıra:
Emin,
bu,
zarafat deyil?!

DÜNYANIN ƏN TƏMİZ YALANI

Yağma qar,
yağma
əlcəyim olmasa da
əllərim üşümür mənim.
atamın
�daha yeddi yaşın var
böyük kişisən
heç kişi də əlcək taxar?!�
sözləri üşüdür məni.

yalan danışmağı bacarmır atam
dodaqlarının titrəməsindən
gözlərinin dolmasından bilinir
ciblərinin yalanı.
qar qardaş,
dünyanın ən təmiz
yalanı sənsən.

qar qardaş,
mənə görə yox
atama görə yağma
o, yalan danışmağı bacarmır
ata oğul arasına girmə, qar.

Yağma,
çirkli əllər atmasın səni
çirkli ayaqlar altında
əzməsinlər təmizliyini.
təmiz dillər
çirklənməsin sənə görə,
yağma.

uşaqların sızıldayan
barmaqlarında üşümə,
isti əlcəklərində qızın, qar.

…Uşaq əllərini özləmişdi qar
qar vardı
uşaqlar yoxdu
müharibə qovmuşdu
yavruları torpaqlarından.
onların yerində
tanklar oynayırdı.
qar ağlayırdı uşaqlarçün,
can verirdi
tankların
qanlı tırtılları altında.

qar istəyir uşaqlar
tanksız,
yalansız,
əlcəkli qar.
yağırsansa belə yağ qar!

CAN BORCU

Gəl,
döy qapımı…
yolun uzaqdı bilirəm,
əziyyət çəkmə,
sizə gətirrəm
qapımı
döy,
ürəyin döyünən qədər.

Yaşayıb güldürmədim
səni doyunca.
qoy,
ölüm…
doyunca ağladım səni.

Tanrım,
sənin də yanında
yalançı oldum,
göndərə bilmədim əmanətini.
sənə də can borcum qalıb,
nisyə dəftərinə yazarsan məni.
Nağıllara inanmıram

Nağıllara inanmıram
söyləmə qız!
Evdə yeməyə
bir şey tapmayanda
anamın boyat nağıllarını
yavanlıq eləmişəm.

Səhərlər
şirinçay əvəzi
atamın gecəylə birgə bitirdiyi
şeirləri dinləmişəm.

Məktəbə geydiyim
dabanı getmiş ayaqqabı
atamın hansısa imkanlıya
satdığı şeirdi, qız!

Zəhərlənəndə qonşu uşağı
balıq qaytaranda,
ət qaytaranda
boğazımda nağıl ilişib qalıb,
ağzımdan şeir gəlib!

Mən şeir ölüsü, nağıl xəstəsi,
lap belə
nağıl şahzadəsi.
Məni nə bilirsən, bil.
Ancaq yaşadıqlarım
ağlına belə gəlməyən
nağıl da deyil!
Hə, indi necə
Nağıllara inanırsan
nağıllara inanmayan qız?!

TANRI SƏNI QORUSUN, ALLAH

Sabahın xeyir, Allah!
yuxuda səni görmüşəm
bir az narahat qalmışam
orda həyatın necədi?
sözün necə,
keçirmi
mələklər arasında?!
ancaq…
mələklərin də
can alıb can satır
sənin adından,
səndən yuxarı uçurlar
sənin altında…

Uşaq vaxtı böyüklərdən
soruşardım yerini
deyərdilər göydəsən.
baxardım göyə
bulud da göydə
sən də.
göydən lopa-lopa
qar yağır,
yağış yağır
bəs niyə allah yağmır?!
bir uşaq arzusuna
yağış kimi yağ
səninlə islanım başdan ayağa
mən başdan ayağa sən olum, Allah!
Buralarda deyirlər ki
sən yoxsan
nə dedim inanmadılar
istədim yerini deyəm
qorxdum
baxmazlar allahsan
qıyarlar sənə də
ap yolundan çıxardıb
allahsız edərlər Səni.
qorxma
səninçün dua edəcəm:
Tanrı
səni qorusun, Allah!

QIZ QALASI

Bakının bəkarəti
Qız qalası,
tək tənha yalqız qalası…

Harda darıxan varsa
Qız qalasını göstər.
Hər qız qalası yanında
bir oğlan qalasın istər.
Ancaq
Şuşa qalasına
qonaq getmək də
keçir könlündən
bizim Qız qalasının.

Səhəng alıb çiyninə
sudan gəldiyi günlər
qalıb dabanı altda,
qalıb zamanın altda.

Anlaya bilmir
ayaq səslərinə dolaşan
əcnəbi sözləri, kəlmələri,
uzaqlardan gəlmələri.

Dolanbac pillələrdə
fırlanır zamanın başı
Qız qalası-
dənizə uzanan barmağımızda
üzüyün qaşı.

Gecələr qoynuna qaçıb
cırmaqlayar dalğalar ətəyini
tutsa,
guya qalxıb siləcək
əsrlərdən bəri
doluxsunan gözlərini.

qucaqlayıb bu qalanın kölgəsini
üzünə sürtər dəniz.
Uyuyar işıqlı şəhər,
pıçıltıyla danışar dalğalar,-
birdən oyansa Bakı
sual dolu baxışlarına
Qız qalası
nə cavab verər?!

səhər
Qız qalası
üz-gözündə dənizin izi.
Günəş boylanar
qızarar öpüş yeri,
qızarar qalanın qızı…

əsrlərin daş yaddaşında
süzər qolları
dövrəsindəki qızlarla
yallı getmək istəyər –
qollarını açan olsa.
Bəlkə də qoşulub gedər
Götürüb qaçan olsa.

ATƏŞKƏS

İyirmi illik
köhnəlmiş sözlərlə
başladı
televiziya
xəbər başlıqları:
atəskəs pozulub…

düşmən susduruldu.
mərmilərə
atılan
Ana fəryadıyla.

SÜKUTLU SƏNGƏR

Pozulur
səssiz gecələrdə
gözlərdən qovulmuş
səngərin sükutu.

Torpaqdan dən yerinə
barıt dənləyən sərçə dimdiyi.
Və bir də
sərçə kimi qorxu dənləyirdi
əsgər ürəyi.