Yolum kəndimizə düşdü bir səhər,
O gün də məktəbi görməyə getdim.
Açıb darvazanı çox ehtiramla
O böyük binanı ziyarət etdim.

Uşaqlıq çağımı saldım yadıma
Şeir dəftərimə xatirə yazdım.
Məcid müəllimin öz şagirditək
Əyləşib dərsinə qulaq da asdım.

Onu da deyim ki, Məcid müəllim
İrəli qaçmağı heç xoşlamazdı…
Əvvəl köhnə dərsi təkrar etdi o,
Sonra da lövhədə bir kəlmə yazdı.
Uşaqlar nə yazdım?
Yaxşı kim deyər?

Oynadı havada balaca əllər:
Müəllim mən deyim…
deyim…deyim…lər
Görən yormadımı o müəllimi?
Yox, yox, hər səmimi sözü körpənin
Yayılır ürəyə sarı yağ kimi…

Uşaqlıq dövrünün öz aləmi var,
Sadə görünsə də o, çox dərindir…
Bizə əziz olan “müəllim” sözü
Uşağın dilində daha şirindir.

Dedi, bir də dedi “baba” sözünü,
O xeyli dayandı “ata” sözündə…
Balalar duydumu? Deyə bilmirəm,
Mən qəhər duymadım onun üzündə…

Bir kəlmə yüz dəfə yazıldı bəlkə,
Səbrinə mat qaldım, o müəllimin!
Sadəcə əlifba öyrətmək deyil,
O, möhkəm özlünü qoyurdu elmin.

“Bünövrə daşları” düşdü yadıma,
Bu gün durmayırsa qocanın özü
Onun məqbərəsi qoy nurla dolsun!
Dedim: bundan belə şeir yazanda
Birinci misramın birinci sözü
Əlifba öyrədən müəllim olsun!