Dörd il açılmayıb burda könüllər,
Dörd il Bakıda da yaz olmayıbdır.
Qəhrəman şəhərlər çəkdiklərindən
Bakının çəkdiyi az olmayıbdır.

Oynamaq olmazdı çiçəklə, güllə,
Onu ana Vətən haraylayırdı.
Cəbhədə birinə atılan güllə
Arxada bir nəsli yaralayırdı.

Bakı qılınc kimi qalmadı qında,
Sıyrıldı kədərin, min qəmin üstə,
Tankın, təyyarənin motorlarında
Bakı yeriyirdi düşmənı üstə.

Axırdı cəbhəyə qara seliylə,
Dilə də gətirməz əzabını o,
Atılan topların alov əliylə
Cəbhəyə yazmışdı öz adını o.

Bakı neçə-neçə cəbhə yarırdı;
Yolu irəliydi,
yalnız irəü.
Bir əli torpaqdan neft çıxarırdı,
Bir əli cəbhədə yanırdı, bəli!

Yuxuda ən ağır top, tanklarıyla
Düşmən yer üzündən pozmuşdu onu.
Fürer qan qoxuyan dırnaqlarıyla
Hələ xəritədə cızmışdı onu.

Dönün o illərə, bir salın nəzər,
Barı o günləri düşünün, annın,
Bir neft dənizinə dönmüşdü Xəzər
Hələ də neftlidir suları onun.

Şöhrət istəməyir bu qəlbi dəniz
Onda ünvanı var hər gələn yazın.
Qəhrəman şəhərlər cərgəsinə siz Yazın!
Bakının da adını yazın!