mm

KÖÇKÜN

Gözünə görünməz itirdikləri,
Çəkər gecə-gündüz quru yurd onu.
Gəzər düşüncəli, qovar kədəri,
Pərişan üzünün açılmaz donu.

Gözləri yol çəkər, ürəyi nisgil,
Axıdar içinə dərdi-sərini.
Dayanar hamıdan kənarda, “küskün”,
Tapammaz “qürbətdə” işin çəmini.

Məzəmmətli sanar, qınaqlı sanar,
Üzünə dikilən baxışları o.
Bircə sərt kəlmədən ürəyi sınar,
Boğar içindəki “yağışları” o.

Duyulmaz səsində giley, şikayət,
Yersiz danışmağı günah, ar bilər.
Didərgin salsa da onu xəyanət,
Yenə öz bəxtini günahkar bilər.

Gündə neçə kərə, neçə inamla,
Səfər boxçasını yır-yığış eylər.
Çıxar həsbi-hala bəxtlə, zamanla,
Baisə — düşmənə hey qarğış eylər.

Ümidlə gözləyər hər gələn günü,
Qulağı şad xəbər sorağındadır.
Dinləyər diqqətlə hər sözü-ünü,
Yurda yeni səfər sorağındadır.

VARDIR

Dünyanı yaradan, nizam saxlayan,
Yaxşını, yamanı seçəni vardır.
Ölüm kövşənində şələ bağlayan,
Ömür zəmisini biçəni vardır.

Sevincə dərd hörür öz hanasında,
Ümid parıldayır zər tanasında.
Həyat mənzilinin astanasında,
Qapısı vardırsa keçəni vardır.

Sevinc təsəllidir, qəm yaşanandır,
Ürəyi incidən kəm yaşanandır,
Həyat həm ümiddir, həm yaşanandır,
Dərdi sevinc bilib içəni vardır.

Müzəffər, uzaq dur bal pətəyindən,
Arif ol, məhşəri duy tütəyindən,
Tanrı bələdçindir, tut ətəyindən,
Ömrün həm zülməti, həm çəni vardır.