mt

Hikməti sözündə axtar(kitab)

Təcnis

Yığılın başıma, yığılın, dostlar ,
Sizə söhbət açım bir şux gözəldən.
Vəsfini çəkməyə qələm acizdi.
Əl gözdən gözəldi, həm də, göz əldən.

Onsuz qaranlıqdır mənə hər yarın,
Yanlışsa sözlərim, sinəmi yarın.
Həsrətini çəkmək ilə o yarın,
Düşübdü saçıma necə gözəl dən.

Həm yaşıl yaraşır, həm də, ağ- yara,
Qaranlıq zülməti gərək ağ yara.
İşdi, birdən qismət olar əğyara,
Mais, qoyma gedə gözəl göz, əldən.

13.12.2008

Gözəl

Çox özünü qoydun naza,
Könül döndü sınıq saza.
Sən ,,qovuşub” güllü yaza,
Mən hələ qışdayam, gözəl.

Necə baxım mən- üzünə?
Düşüb duman, çən, üzünə.
Həsrətəm çəmən üzünə,
Dağdayam, daşdayam, gözəl!

Sevinc həlimdir, dərd kürən,
Aşıb-daşan dərdə Kürəm.
Dərd becərib, dərd əkirəm,
Səpində, xışdayam, gözəl.

Özüm özümdə itmişəm,
Sanki tükənib bitmişəm.
Mən sevən yaşı ötmüşəm,
Sən sevən yaşdayam, gözəl.

Hər bir əhdi, sözü yalan,
Kimdi -ayrı- bizi salan?
Hər busəmin izi qalan,
O gözdə-qaşdayam, gözəl.

Nələr çəkdim, bu seçimdə?
Sənsizəm ömrün köçündə.
Səni sevənlər içində,
Yuxarı başdayam, gözəl.
Qovuşursan güllü yaza
Mən hələ qışdayam, gözəl!!!