Bu yazını sənin 70 yaşına, sonra isə 75 yaşına həsr etmək istəyirdim.
Əvvəl 70-ə, sonra isə 75-ə gecikdim. Qorxdum ki, 80 yaşına da gecikəm, ata!

Mən Zülfüqarova Gövhər Kazım qızı, Qərbi Azərbaycanda zirvəsi qış-yay qardan ağappaq paltar geyən, bumbuz bulaqların dişgöynədən suyundan qurtum-qurtum içərək gərdənini çəkib qoynunda məskən salmış, özü kiçik, əks-sədası böyük, insanları məğrur, məğrur olduğu qədər də səmimi, mehriban, qayğıkeş olan, kəndləri təbii bir qala kimi qoruyan, başı “buluddan nəm çəkən Təkədonduran dağının ətəklərində, Dərələyəz mahalında dünyaya göz açdım. Körpələrə layla çalan zümzüməli bulaqların həzin duyğular oyadan kövrək nəğmələrinin sədaları altında, Qovuşuqda qovuşan çayların vüsal hıçqırıqlırını dinləyə-dinləyə, meşələrin, sevgililərin ürək pıçıltılarını xatırladan titrəyişindən doğan zərif xışıltısını duya-duya iməklədim, yeridim, dünyanı dərk etdim. Dağ çaylarının dəli nəriltisi yuxudan oyadıb, yay günəşinin qızmar şüaları yandırıb, sərt qışın şaxtası dondurub məni. Bəzən yaz səhərinin hənirtisinə oyanmışam, bəzən payızın çiskin yağışına düşmüşəm. Yaz səhərində üşümüşəm, payız axşamlarında bürünmüşəm, xəyallara dalmışam. Günəşin zərrin şəfəqlərini əks etdirən bəmbayaz qarın parıltısı səhərlər gözlərimi qamaşdırıb. Adamboyu qalxan qalın qarı yara-yara Qovuşuq kənd məktəbinə (ona “Dərələyəzin akademiyası” deyirdilər) getmişəm. Bəzən çaşıb ana dediyim Məmişov Elbəyi müəllimdən (Allah ona rəşmət eləsin) hərflərin sirrini, yazıların sehrini, Məmmədov Nəsrullah müəllimdən nağıllarımızın, bayatı və laylalarımızın, ümumilikdə isə dilimizin lətif şirinliyini, ecazkar gözəlliyini, atam Kazım müəllimdən dünyanın yaranmasını, varlığın əzəli insan rüşeymlərinin necə cücərib göyərməsini, çayların doğumunu, ölümünü, dağların vüqarını, Dərələyəzin relyefini əyani, Azərbaycanın sərhədlərini qiyabi öyrənmişəm. Adlarını çəkmədiyim və yaxud çəkə bilmədiyim bir çox müəllimlərimdən (onlardan üzr istəyirəm) əvvəli bəşər-insan, axırı şər-şeytan dünyanın dolambac yollarında azmadan, bacardıqca az büdrəyərək (büdrəməmək də mümkün deyil) irəliləməyi öyrəndim. Böyüdüm. Mirzəli oğlu İbrahim babanın kəlamlarından güc aldım. Kazım müəllimin şəxsində idealımı tataparaq, Həcər anadan qadınlıq nümunəsi götürərək, böyüdüm. Əmilərimdə (Əli, Məhəmməd) təmkin, qürur, ləyaqət, dayılarımda (Abbas, Həsən) qayğı, sevgi, məhəbbət gördüm. Abır, həya, ismət dərsini xalalarımdan (Zəhra, Şura) aldım, böyüdüm. Əmicanılarım Züleyxa böyüklük, ağbirçəklik, Maya saflıq, sadəlik verdilər mənə. Daydostularım Səkinə (Səhnə) şuxluq, Züleyxa təmizlik bəxş etdi, hərədən bir şey aldım, götürdüm. Böyüdüm… Böyüyə-böyüyə də gözümü açıb özümü müəllim gördüm.
Həmişə çalışmışam ki, ata, sənin kimi müəllim olum; sayılıb-seçilən, ləyaqətli, şagirdlərimin sevdiyi, hörmətlə yanaşdıqları, demək olar ki, həmişə yad etdikləri bir müəllim. Uşaqla uşaq, böyüklə böyük olan bir müəllim, özün demişkən, “uşaqlarla işləyən özü də uşaqlaşan” bir müəllim. Bir dəfə bərk həyacanlı idim.
Məndən soruşdun ki, nə olub axı? Dedim ki, məktəbdə yoxlama var, işlərimizi yoxlayacaqlar. Güldün, “bala, sən işlərini vaxtında gör, dərslərinə həmişə hazır ol, işinə məsuliyyətlə yanaş, ondan sonra yoxlama gəlmir, kim gəlir gəlsin” dedin. Sonra bir qədər düşündün və yenə də gülə-gülə: “məktəb ferma deyil ki, qoyunların əskik gələ, məktəb insan yetişdirir, onun tərbiyəsi ilə məşğul olur, şagirdlərə bilik verir. Məktəb elm ocağıdır. Qorxma bala, qorxma” – dedin.
Qəribə yanaşma tərzidir, bu fikirlər mənə bir növ rahatlıq gətirdi. İndi də hər dəfə “qonaqlarımız” olanda sənin sözlərini xatırlayıram və bu məni sakitləşdirir.
Çoxdan sənin haqqında nəsə yazmaq istəyirdim, hətta götür-qoy edirdim ki, Kazım müəllim haqqında yazım, yoxsa atam Kazım haqqında? Qərarlaşdıra bilmirdim, indi də dəqiq bilmirəm hansı haqqında yazıram, çünki bu iki şəxsi bir-birindən ayıra bilmirəm. Sən elə məktəbdə də, evdə də müəllim idin. Evdə üç qız (Gövhər, Mehparə, İradə) atası olduğun qədər də məktəbdə şagirdlərinin atası idin. Hərdən sinif rəhbəri olduğum 10 b sinfinə görə gimnaziyanın direktoru Nizami müəllim məni “danlayanda”, sən sinif rəhbəri deyil, uşaqlara analıq edirsən,- deyəndə mənə necə xoş gəldiyini bilsə idi, bəlkə də bu fikri başqa cür ifadə edərdi. Axı həmin anda özümdə səni görürəm, Kazım müəllim!
Ətraf kəndlərin bəzilərində orta məktəb olmadığı üçün uşaqlar internatda qalıb bizim məktəbdə oxuyurdular. O uşaqlara hər axşam baş çəkməsəydin, əyər-əskikləri ilə maraqlanmasaydın, rahat olmazdın. Onların valideynləri uşaqlarını sənə ümid edərdilər, sənə tapşırardılar. Sən əlaçı və yaxşı oxuyan, cəld və diribaş, bacarıqlı və qabiliyyətli şagirdləri xüsusilə sevərdin. Mənim əlaçı olmağımı elə istəyirdin ki, səni bundan məhrum etməyə mənim haqqım yox idi. var gücümlə oxuyurdum və qiymətlərimin hamısı beş idi. nəhayət orta məktəbi fərqlənmə atestatı ilə bitirdim. Üzərimdə əməyi olan bütün müəllimlərimə gec də olsa minnətdarlığımı bildirirəm, çünki onların qayğısı, diqqəti, sevgisi həmin uğurların əsasını təşkil edirdi.
Yaxşı yadımdadır, Bakıda ali təhsil aldığım illərdə bir çemodanım vardı. Kəndə gələndə qiymət kitabçamı həmin çemodanın üstündəki iri cibinə qoyurdum. Bilirdim ki, kəndə çatan kimi mənimlə görüşər-görüşməz bu kitabçaya baxacaqsan. Artıq düşünürdüm ki, əgər “5” yox, başqa bir qiymət alsam, mənimlə görüşməyəcəksən. Odur ki, gecəmi gündüzə qatıb oxuyurdum. Nəticədə oxumaqdan o qədər bezdim ki, sonuncu istəyini – institutda qalıb elmi işlə məşğul olmaq istəyini yerinə yetirə bilmədim. Daha doğrusu, yetirmədim. Bilsəydin ki, ömyüm boyu oxuyacağam, bəlkə də başqa cür olardı. Həyatda ən böyük istəyim səni sevindirmək idi, çünki sən sevinəndə mən səndən çox sevinirdim.
“Atamı nə üçün şagirdləri belə çox sevirdilər?” sualını özümə çox vermişəm. Hələ indi-indi anlayıram bunun cavabını. Sevgi sevgi gətirər, hörmətsə hörmət. Atam öz şagirdlərini çox sevdiyi, onlara həqiqi ata qayğısı ilə yanaşdığı üçün, özünü, adını-sanını düşündüyü üçün deyil, şagirdlərinin taleyini, gələcəyini düşündüyü üçün onu belə çox sevirmişlər. Keçmiş zamanda danışdım. Axı, elə dünənin bapbalaca, qayğısız, sanki sifətlərinə əbədi gülüş qonmuş körpələri artıq yetkin, ağlı başında ailə, müəssisə idarə edən şəxsiyyətlər belə, indinin özündə atama baş çəkir, hal-əhval tutur və bu gün də özlərini onun yanında şagird kimi hiss etdiklərini söyləyirlər.
Ömrünün yarısını məktəbə, dərsə, şagirdlərə həsr etmisən. Onun təxminən 35-40 ilə yaxın bir müddətini Qovuşuq kənd məktəbində, qalan 10-15 ilini isə burada – Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbdə keçirmisən. Orada da, burada da çoxlu müəllim dostların olub. Çox nadir hallarda günorta yeməyini tək yemisən. O vaxtlar mənə qəribə və hətta yersiz görünən bəzi hərəkətlərini (çox-çox üzr istəyirəm) qınadığım üçün (əlbəttə ki, ürəyimdə, yoxsa buna necə cürət edə bilərdim ki?) indi özüm-özümü qınayıram – bu dəfə isə aşkarda! Məktəbimizin yaxınlığında – Yunis dayı və ya Qasım dayıgildə təzə təndir çörəyi bişiriləndə ətri ətrafa yayılardı. O dəqiqə məktəbə bir bağlama çörək gələrdi, yağı, pendiri də yanında. Müəllimlərlə onu yeyərdiniz. Bir dəfə çəkinə-çəkinə: «Siz nə üçün xalxdan çörək alıb yeyirsiniz?» deyə soruşdum. Əvvəl diqqətlə üzümə baxdın, sonra dedin ki, bala, yadında saxla, çörək verən çörək almaqdan utanmaz. Hə, bir də o «xalx» dediklərinin biri qohum, o birisi isə kənd adamıdır. Uca tutsan. O da qohum çıxacaq!
Sən bu həyatda nələr görmədin, nələrdən keçmədin?! Qardaşını itirdin, elini, obanı, yurdunu, yuvanı itirdin, qaçqın, köçkün düşdün. Əyilmədin, sınmadın! Amma əmim Əlinin itkinliyi, qardaşın oğlunun bu dünyadan vaxtsız köçməsi səni bükdü, qocaltdı. Bu həyatdır, ata! Gülü ilə bərabər tikanı da var.
Nabat nənə sizi – üç oğlunu çətinliklə də olsa böyütmüşdü. Atasız böyüsəniz də gözü-könlü tox idiniz. Sən sonbeşik idin. Lakin Dərələyəzdə ağbirçək sayılan, tanıyanların hörmət, rəğbət bəslədiyi Nabat ana qətiyyən sizə haram çörək yedirtməmişdi. Sonralar özün də ailə qurdun, necə deyəərlər, ev-eşik sahibi oldun, sənin də qapından haram keçə bilmədi. Sən də övladlarını halallıqla böyütdün, haram yedirtmədin, harama öyrətmədin. Bunun nə olduğunu daha dərindən anlayıram. Sən bizə gözü tox, alnı açıq, qürurla yaşamağı öyrətdin, Ata! Çox sağ ol! Bu yaşında da şəfalı əllərinin zəhməti, bəhrəsi ilə dolanırsan. Heç kəsə ehtiyacın yoxdur. Olsa-olsa, diqqətə, qayğıya ehtiyacın var. Şükürlər olsun Allaha ki, qardaşının oğlanları, qızı səni çox sevir, tez-tez sənə baş çəkirlər. Nəvələrin bir başqa aləmdirlər. Sənin hər sözünü, hər söhbətini böyük maraqla dinləyirlər. Hamıdan çox səni istəyirlər. Qızlar – Səkinə, Nuray, Süsən, Züleyxa, Aytən hərəsi bir evin xanımıdır. Amma imkan olan kimi sənin yanına qaçırlar. Şirin gülüşləri ilə səni də sevindirib güldürürlər. Oğlanlar: Səbuhi, Orxan, Abbas. Məhəmməd bir sözünü iki etmir, nə desən baş üstə deyirlər. onların səndən görüb-götürəcəyi çox şey var hələ. Mən hələ kürəkənlərini demirəm. Azad qayının oğlu Oqtay şagirdin, Zülfüqar qardaşın oğlu olsa da, sənin qayğına necə də doğma övlad kimi qalır, hətta ərklə sağlamlığınla bağlı sənə irad da tuturlar. Xəyyam haqqında danışmaq məni üçün çox çətindir. Ona görə ki, ona qarşı hisslərim də çox qarışıqdır. Onu həm qardış, həm də ilk övlad kimi sevmişəm. bilirəm ki, siz də onda bir çox arzu və istəklərinizi birləşdirmisiniz. Mən həmişə istəmişdim ki, üç övladdan biri valideynlərinə münasibətdə atalarına, qohumlarını, yaxınlarını arayıb axtarmaqda Nabat nənəmə bənzəsin. Allah mənim dualarımı eşitdi. Xəyyam sizə görə hər şeydən keçər. Balaca Kazımın isə bütün varlığı ilə Kazım baba, Həcər nənədir. Sən bizim üçün bir nağılsan, bir əfsanəsən, Allahın sevdiklərinə verdiyi sevinc payısan, bizə qismət olmusan.
Dərələyəzdə Kazımla Həcər məhəbbəti Səməd Vurğun demişkən «Bir el nağılına dönmüşdü». Bu haqda hələ yeniyetmə çağlarımda eşitmişdim. Anamdan bir dəfə soruşdum ki, axı deyirlər bir-birinizdən ötrü dəli-divanə olmusunuz? Əvvəlcə bir nazlı-nazlı gülümsədi, sonra qaşlarını dartaraq «atan idi də» – dedi. Bəli, atam idi sevən də, sevilən də, sözünün üstündə durub istəyinə qovuşan da!
Mən həmişə səninlə fəxr etmişəm, səni dünyanın ən güclü adamı hesab etmişəm. Bu bir həqiqətdir. Hər kişinin işi deyildi ki, ucqar bir dağ kəndində üç qız böyüdüb, üçünə də təhsil vermək. Hərdən səninlə zarafat edirəm: «Mehparə qayının oğlunda. İradə qardaşın oğlundadır, mən yadda. Ona görə də onları daha çox istəyirsən» – deyirəm. Gülürsən (sənin çox gözəl təbəssümün var): «Övladlarını bir-birindən seçə bilirsən?» -sualını verirsən. Doğrudur, nə deyim ki?! Ata, sən heç vaxt idarə olunmamısan, heç idarə də etməmisən. Amma sözü bir dəfə demisən, bir dəfə. Ona görə ki, ikinciyə ehtiyac qalmayıb. Elə deyilən kimi də yerinə yetirilib. Bu sevgi idimi, hörmət idimi, yoxsa qorxumu? Mən bunu başa düşə bilmirdim. Amma, məncə, burda hər şey vardı: hətta qorxub çəkinmək də. Lakin daha çox sevginin, hörmətin təzahürü idi bu. Bunu tək mən demirəm, ata, səni sevənlər – dostların, yoldaşların, həmkəndlilərin, şagirdlərin, qohumların, hətta səni bir dəfə görüb tanıyanlar da deyirlər. Hörmətli şairimiz Məmməd Aslan səninlə ilk görüşündə demişdi ki, sən ipək kələfisən, kişi! Hərçənd ki, bu sözləri eşidən anam: «Onu bir də məndən soruşun» – demək istəsə də dinməmişdi. Axı, sən heç də həmişə ipək kələfi olmursan. Hərdən dağ çayı kimi daşıb çağlayırsan, hərdən düzənlikdən axan çay kimi sakit-sakit axırsan, amma o sakit axının altında nələr var, onu bir sən özün, bir də Allah bilir. Hər halda adın Kazımdır, bu isə ərəbcədən tərcümədə dözümlü, hövsələli, deməkdir. Bilirsən, bunu kim dedi? Balaca Kazım – adaşın (yanımda oturub yazdıqlarımı oxuyurdu və birdən dedi ki, bibi, babanın adının mənasını mən bilirəm, onu da yaz). Ata, hən hər halınla bizə əzizsən. Qızların bu günündə, bu yaşında sənə nə arzulasın? Ömür arzulayaq, ömrü Allah verir. Heç kəs bir ömürdən artıq yaşaya bilməz. Var-dövlət arzulayaq? Sən heç vaxt onun həvəsində olmamısan. Sağlam yaşamısan, sağlam ol! Dərd-sər səndən uzaq olsun və gülüşlərin dodaqlarından, təbəssümün üzündən əskik olmasın. Balaca Kazımla «savaşdan» ləzzət alırsan, Allah bu ləzzəti sənə çox görməsin:

Ocağın közü, qoru,
İşıldar odu, qoru.
Gecələr yuxum gəlməz,
Allah, Atamı qoru.

Kiçik bir haşiyə çıxmaq istəyirəm.

Ən xoşbəxt dəqiqələrimdə də, kədərli anlarımda da, nədənsə birinci növbədə zirvəsi buludların içərisində görünməz olan Təkədonduran dağını xatırlayıram. Sonra isə dağın zirvəsindən nəzərlərim yavaş-yavaş aşağı – Qovuşuq kəndinə enir. Həyatımın ən gözəl, xoşbəxt saatlarını yaşadığım bu kənd (heyf ki, vaxtında bunu anlamamışam) mənim üçün dünyanın dayaq nöqtəsi olub. Orada ilk yerişim, gülüşüm, körpəliyim, uşaqlığım qalıb. Arzularım kəkliklərin qanadında, səsim-ünüm çaylarının, bulaqlarının şırıltısında zaman adlı əbədiyyətə qovuşub. İndi xəyallarımda yaşayan kənd, sənə qovuşmaq müşkül məsələdir. Torpağının ətrini duymaq istəyirəm, gülünü, çiçəyini qoxulamaq. Qarın ağzı ilə göyərən otlarının dadını damağımda duyuram. Bəlkə də, bunlardır məni şagirdlər qarşısında bəzən saatlarla vətəndən danışmağa, gah kövrəlib, gah da dolmağa vadar edən hisslər. İnsan hər şeyin qədrini onu itirəndən sonra bilir. Sən mənim üçün Qovuşuqsan, Dərələyəzsən – vətənimin bir parçasısan, ata!

P.S. Bu yazını əslində sənə həsr etmişəm, Səni düşünərək yazmışam. Ancaq, deyəsən daha çox özümdən yazdım! Bağışla, ata!

Gövhər ZÜLFÜQAROVA