Fərəhim, iftixarım, ey qarı torpaqlarımız,
Ən qədim tariximin memarı torpaqlarımız.
Keçdi düşmən əlinə fitnə-fəsad, hiylə ilə.
İndi yoxdur əlimizdə yarı torpaqlarımız.
Hərə bir tarix icad eyləyərək işğal edib,
Amma hifz etmədədir aşkarı torpaqlarımız.
Başqasından kömək ummaqla qorunmaz ki, Vətən.
Qayıda öz gücümüzlə barı torpaqlarımız.
Gücümüz, qeyrətimiz bəs eləyər, tarixə bax,
Yetirib gör nə qədər sərdarı torpaqlarımız.
Yurdumun tarixini təhrif edənlər bilsin,
Əsla qəbul eləməz murdarı torpaqlarımız.
Bir çiçəkdir bu Vətən, bəslə, Müzəffər, gec-tez,
Göməcək üstünə qonmuş xarı torpaqlarımız