mm

Yenə də həmlə var yüz yerdən sənə,
Ey Türküm, sıx dayan, səfini pozma.
Qoyma zərbə dəysin bu şərdən sənə,
Qoru qürurunu, kefini pozma.

Sən qranit dağsan, əyilməz, mətin,
Çox küləklər əsib başının üstən.
Dözüb tablamısan olsa da çətin,
Bir daş da qopmayıb daşının üstən.

Sən öz dərdlərinə özünsən şəfa,
Vermə yad əlinə fürsəti, fəndi.
Bu gün xəyanətdən çəksən də cəfa,
Bağla çirkab axan bərəni, bəndi.

Ey Türk, təklənmisən əsrlər boyu,
Səni yıxmaq olub işi yağının.
Həsəddən axsa da ağzının suyu,
Sənə batmayıbdır dişi yağının.

Şərəfli tarixin başının tacı,
Özünə güvəndin düşəndə dara.
Qılincınla tapdın yurda əlacı,
Zəhmin diz çökdürüb qəsibkarlara.

Mərdlik, şücayətdir ucaldan səni,
Fitnə-fəsadlara uyma, ayıq ol.
Bu ucsuz-bucaqsız dağma Vətəni,
Düşmən tapdağında qoyma, ayıq ol.

Özünsən özünə öz əmanətin,
Qədim tarixlərdə öyülən Türküm.
Heç vaxt əyilməsin qəddin, qamətin,
Tək TANRI önündə əyilən Türküm.