Sumqayıt səhər 33 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xavər Əhmədovanı tanıyanlar onu həm də yaradıcı, xeyirxah, səmimi insan kimi sevirlər. Qürurverici haldır ki, bu gün respublikamızın ali təhsil ocaqlarında Xavər müəllimənin dərs dediyi şagirdlər bilik və qabiliyyətləri ilə xüsusilə seçilirlər. Xavər müəlliməni fərqləndirən cəhətlərdən biri də həddən artıq təvazökar olmasıdır. Özü haqqında danışmağı xoşlamayan müəllimənin arxivi onun haqqında kifayət qədər məlumat verir. Xavər müəllimənin bu yazısı Heydər Əliyev Mərkəzinin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycanın ümumtəhsil məktəblərinin müəllimləri arasında keçirdiyi “Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm” adlı müsabiqədə mükafata layiq görülmüşdür. Yazının aktuallığını nəzərə alaraq dəyərli oxuculara təqdim edırik.

Müasir təhsil qloballaşan dünyamızın mühüm bir sahəsini əhatə edir. Müstəqillik illərində dünyanın həm siyasi, həm iqtisadi, həm də ictimai-mədəni arenasında böyük uğurlar qazanan ölkəmizdə təhsil sahəsində də inkişafı təmin etmək və dünyanın aparıcı təhsil sisteminə inteqrasiya məqsədi ilə islahatlar aparılır. Yeni fənn kurikulumlarının tətbiqi sahəsində aparılan işlər, məktəblərin maddi-texniki bazasının yeni tələblərə uyğun olaraq zənginləşdirilməsi, təhsilimizə göstərilən xüsusi dövlət qayğısı hər bir müəllim üçün geniş imkanlar açır və onu öz işinə günün tələblərinə uyğun olaraq yanaşmağa sövq edir.
Müəllim gələcək nəsillərin memarıdır. O, yetişdirdiyi vətəndaş üçün cavabdehdir. Müəllim öz işinin məsuliyyətini dərk etməklə əslində dövlətin, vətənin gələcəyini düşünür. Bütün bunları nəzərə alaraq hər bir müəllim işinin öhdəsindən layiqincə gəlməyə çalışmalıdır. Azərbaycan dili və ədəbiyyat dərslərinin şəxsiyyətin formalaşmasında müstəsna əhəmiyyətini nəzərə alaraq demək istərdim ki, təhsildə müasir yanaşma metod və üsulları bu fənlərin tədrisini daha maraqlı və rəngarəng edir.
Müəllim daim axtarışda olmalı, hər dərs şagirdlərin marağına səbəb ola biləcək dərəcədə cəlbedici forma və üsul seçməyi, yerində saymadan həm şagirdlərinin, həm də özünün inkişaf dinamikasını nəzarətdə saxlamağı bacarmalıdır. Müəllim tədris etdiyi fənnin incəliklərini yaxşı bilməklə yanaşı, həm də zamanın tələbinə uyğun olan metodologiyanı öyrənməlidir.
Milli kurikulumun əsas cəhətlərindən biri nəticəyönümlülükdür. Yəni hər bir fənn üzrə təlim nəticələri dövlət sənədi kimi təqdim olunur. Təlim prosesi həmin nəticələrin əldə olunması üçün verilən standartların reallaşdırılmasına xidmət edir.
Mənim fikrimcə, müəllim özü öz fəaliyyətini də planlaşdırmalı, qarşısına qoyduğu məqsədə necə nail olduğunu daim izləməli, öz işini qiymətləndirməlidir. Axı biz müəllimlər şagirdlərimizi təkcə elm öyrənməyə sövq etmirik. Onları bir vətəndaş, bir şəxsiyyət olaraq yetişdiririk. Bir sözlə, məktəb həm təlim, həm də tərbiyə işini öz üzərinə götürməklə, deyərdim ki, cəmiyyətin ən məsuliyyətli missiyasını yerinə yetirir. Böyük şairimiz M.Ə.Sabirin bir fikri yerinə düşür: ”Hər şeyin ibtidası tərbiyədir.”
Bir müəllim olaraq, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə almalarına, torpağına, yurduna bağlı əsl insan, əsl vətəndaş kimi yetişmələrinə xüsusi önəm vermək, həm dərs prosesində, həm də məktəbdaxili və məktəbdənkənar tədbirlərə cəlb etməklə onlara layiqli vətəndaş olmağın mahiyyətini dərk etməkdə bələdçilik etmək bizim həm vətəndaşlıq, həm də vəzifə borcumuzdur.
Müəllim öz üzərində daim işləməli, aparıcı pedaqoji təcrübədən yararlanmalıdır. Azərbaycan təhsili tarixinə islahatlarla zəngin bir dövr kimi daxil olan son illər ərzində iştirak etdiyim çoxsaylı treninq və əlavə kurslar həm Milli Kurikulumun tətbiqi ilə təhsil sahəsində aparılan əsaslı dəyişikliklərlə yaxından tanış olmağıma, həm yeni təlim texnologiyalarına əsaslanan fəal interaktiv təlimin forma və üsullarına yiyələnməyimə, həm də bu sahədə kifayət qədər təcrübəsi və biliyi olan neçə-neçə həmkarımla tanışlığıma səbəb olmuşdur. Ayrı-ayrı bölgələrdə və şəhərimizin digər məktəblərində çalışan müəllimlərimizlə apardığımız işgüzar əməkdaşlıq bizi daim inkişaf etməyə və təcrübə mübadiləsinə sövq edir.
Müasir cəmiyyətin bütün sahələrində olduğu kimi təhsil sahəsində də İKT böyük əhəmiyyət kəsb edir. Müəllim çox böyük vaxt və zəhmət çəkmədən dünya təcrübəsindən faydalana bilər. Bugünkü şagirdi düşündürən, onu axtarışa aparan dərs necə olmalıdır? Yaxşı müəllim bu işin öhdəsindən necə gələ bilər? Bu suallara cavab tapmaq üçün İngiltərənin York Universitetinin professoru Riçhard Leolancın “Yaxşı öyrətməyin 10 ən yaxşı üsulu”nu təqdim edirəm (www.colorado.edu).
1. Yaxşı öyrətmək bir vəzifə olmaqla bərabər həm də müəyyən məqsədlərə xidmət edir. Bu məqsədlər şagirdləri öyrənməyə həvəsləndirmək, hər cəhətdən uyğunluğu gözləməklə öyrəndiyinin mənalı və yaddaqalan olmasını təmin etməkdir.
2. Yaxşı öyrətmək həmçinin öyrətdiyinin vacibliyini şagirdlərə dərk etdirməkdir. Müəllim müvəffəqiyyətə nail olmaq üçün daim axtarmalı, öz sahəsinə aid mənbələri incəliklərinə qədər aramalı, zirvədəki yerini qorumağa çalışmalıdır. Bu yalnız nəzəri məlumatları əldə etmək deyil. Yaxşı öyrətmək nəzəriyyə ilə praktika arasındakı boşluğa körpü salmaqdır. Müəllim “qaladan” çıxmalı boş “sahələrdə” köməyə ehtiyacı olanlara kömək etməli, məsləhət verməli və onları düzgün istiqamətləndirməlidir.
3. Yaxşı öyrətmək dinləmək, mühakimə etmək, məsuliyyətli olmaqdır. Şagirdlərin və sinfin müxtəlifliyini nəzərə almaq, şagirdlərin istəyini yerindəcə duymaqdır. Sakit dayanan şagirdin şifahi nitq bacarığını inkişaf etdirməkdir. Yaxşı öyrətmək yüksək peşəkarlıqla şagirdləri başqalarına hörmətlə yanaşmaqla hamıdan yaxşı olmağa sövq etməkdir.
4. Yaxşı öyrətmək sabit bir plana riayət etmək deyil. Bu mühitə, mövzuya uyğun strategiya seçilməsidir. Yaxşı öyrətmək dəyişən, mühitə uyğunlaşan üsul seçməkdir. Nəzərdə tutulan işin 10%-ni həyata keçirmiş vəziyyətdə də ruhdan düşməməkdir. Yaxşı öyrətmək daha tutarlı, mükəmməl mənbə varsa proqramdan kənara çıxmaqdır. Yaxşı öyrətmək üsulu diktator müəllimlə olduqca mülayim müəllim arasında balans qurmaqdır. Yaxşı müəllimlər bu iki qütb arasında şəraitdən asılı olaraq hərəkət edirlər. Onlar harada və nə zaman olduqlarını yaxşı bilirlər.
5. Yaxşı öyrətməyin həmçinin üslubu var. Yaxşı öyrətmək cəlbedici olmalıdır? Hə və ya yox. Yaxşı öyrətmə bir nöqtədə hərəkətsiz dayanmaq və ya gözlərini slaydlara zilləyib danışmaq deyil. Yaxşı müəllim otaqdakı şagirdlərin və əşyaların hamısını işlədir. Onlar özlərini dirijor, sinfi isə orkestr kimi qəbul edirlər. Şagirdlər hər biri ayrı-ayrı musiqi alətlərində ifa edirlər. Gözəl “musiqi” almaq üçün “dirijor” “orkestr”i canlandırmalı, sinfin bacarıqlarını inkişaf etdirməlidir.
6. Yaxşı öyrətmək həmçinin yumordur və bu çox vacibdir. Müəllim öz səmimi zarafatı ilə şagirdlərlə dostcasına münasibət qurur, ”buzları əridir”. Şagirdlər daha rahat bir atmosferdə öyrənirlər. Müəllimi hamı kimi səhvləri və çatışmazlıqları ola biləcək insan timsalında qəbul edirlər.
7. Yaxşı öyrətmək şagirdlərə qayğıkeşliklə yanaşmaqdır. Onların fikir və istedadlarını inkişaf etdirməkdir. Bütün bunları hiss etdirmədən hər bir şagirdə vaxt sərf etməkdir. Yaxşı öyrətmək təmənnasız proqramlar qurmaq, gələcək dərslər üçün materiallar hazırlamaqdır.
8. Yaxşı öyrətmək öz sahəsində güclü və görünən liderliklə, dəqiq təlimat mənbələri və tapıntıları ilə fərqlənməklə xarakterizə olunur. Yaxşı öyrətmək bütün vaxtını sərf etməkdənsə müəyyən vaxtını səmərəli sərf etməklə müəyyənləşir.
9. Yaxşı öyrətmək təhsilin hər mərhələsinə uyğun aparılır. Yaxşı öyrətmək mükafatlandırılır. Zəif öyrətmək treyniq və əlavə inkişaf proqramları ilə aradan qaldırılır.
10. Yaxşı öyrətmək günün sonunda əyləncəli və şən əhvali-ruhiyyədə olmaqla daxilində hiss etdiyin mükafatlardır… Bunlar ən son partada əyləşən şagirdin gözlərində duyduğun maraq, yeni bir şey öyrənən şagirdin çöhrəsində yaranan təbəssüm, köhnə şagirdinin “Sizin dərsiniz mənim həyatımı dəyişdirdi” deməsi və ya başqa bir şagirdin “Sizin dərsiniz mənim gördüyüm ən yaxşı dərs idi” deməsidir.
Yaxşı müəllimlər öz işlərini pul üçün və ya məcburiyyətdən yerinə yetirmirlər. Onlar, həqiqətən, bundan zövq alırlar. Yaxşı müəllimlər özlərini başqa bir işdə təsəvvür belə etmirlər.
Hesab edirəm ki, professor Riçhard Leolancın bu tövsiyələri yaxşı öyrətmək üçün bizə faydalı ola bilər.

Xavər Əhmədova,
Sumqayıt şəhər 33 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi