Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində öz xalqına sonsuz məhəbbət və qurub-yaratmaq amalı ilə yaşamışdır. Özünün zəngin və mənalı həyatı boyu daim xalqını düşünmüş, onun xoşbəxt gələcəyini təmin etmək üçün böyük fədakarlıq göstərmişdir. Heydər Əliyev öz şərəfli və möhtəşəm fəaliyyəti ilə müasir, müstəqil Azərbaycan dövlətini yaratdı, onun gələcək inkişaf istiqamətlərini müəyyən etdi. Ulu öndərimiz tərəfindən o dövrdə təməli qoyulmuş güclü iqtisadiyyatın nəticəsidir ki, bu gün müstəqil Azərbaycan qısa bir zaman kəsiyində bütün sahələrdə, o cümlədən rabitə sektorunda da yüksək inkişafa nail olmuşdur. Pillə-pillə inkişaf edən Azərbaycanın rabitə sektoru bu gün özünün ən yüksək dinamik inkişaf mərhələsindədir. Rabitə və yüksək texnologiyalar sahəsində əldə olunmuş bütün uğurların təməlində ölkəyə rəhbərliyinin hər iki dövründə bu mühüm sahəyə göstərdiyi xüsusi diqqət və qayğı dayanır. “Müstəqil dövlətin müstəqil rabitəsi olmalıdır”, – deyən ulu öndər Heydər Əliyev Azərbaycan rabitəsinin müasir dünya standartları səviyyəsində olması və beynəlxalq aləmə inteqrasiyası üçün məqsədyönlü tədbirlər həyata keçirmişdir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli o illərdə qoyulmuş işlərin bariz təzahürüdür ki, bu gün müstəqil Azərbaycan ən müasir data mərkəzi, kosmik sənayesi olan ölkədir, yüksək texnologiyaları və innovasiyaları ilə regionun lider dövlətidir.
Bu yaxınlarda Azərbaycan rabitəsinin 135 illik yubileyi ərəfəsində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Azərbaycan Telefon Rabitəsi 135 il” jurnalı işıq üzü gördü. Üç dildə, Azərbaycan, rus və ingilis dillərində nəfis şəkildə çap olunmuş jurnalda ölkə rabitəsinin inkişaf tarixi, Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə, həm Sovetlər Birliyi dönəmində, həm də müstəqillik illərində ölkə rabitəsinin inkişafı ilə bağlı gördüyü işlər, həyata keçirdiyi məqsədyönlü tədbirlər və Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə son illər əldə olunmuş uğurlar öz əksini tapmışdır.
Dünyada telefonun ixtirasından cəmi 4 il sonra Şərqdə bir çox ilklərə imza atan Azərbaycanda telefon rabitəsinin tətbiqinə başlanılıb. 1880-ci ilin dekabrında “Qafqaz və Merkuri” Paroxod Cəmiyyəti Azərbaycanda ilk telefon xəttini inşa edib.
Xətt cəmiyyətin həmin dövrdə “Naberejnaya” küçəsində (indiki Neftçilər prospekti) yerləşən baş kontoru ilə Bakı limanındakı “Kaspi” neft cəmiyyətinin binasını birləşdirib.
Telefon çəkilişinə icazə alınması, inşası, istifadə qaydaları və s. məsələlər İmperator III Aleksandrın 27 fevral 1881-ci il tarixli “Telefon rabitəsinin qurulması qaydaları” (“Pravila ob ustroystve telefonnıx soobheniy”) fərmanı ilə tənzimləndiyi üçün yalnız bu tarixdən sonra çəkilişinə icazə verilmiş xətlər qanuni hesab edilir.
1881-ci ilin yanvar ayında “Nobel Qardaşları Cəmiyyəti” telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də onlara icazə verilib. Həmin il noyabr ayının 23-də, yeni stillə dekabrın 6-da Azərbaycanda uzunluğu 6 km olan və “Nobel Qardaşları Cəmiyyəti”nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. (Qeyd edək ki, yeni stil dedikdə 1917-ci ildə Rusiyada baş verən inqilabdan sonra tətbiq olunan yeni təqvim nəzərdə tutulur ki, bu təqvimlə köhnənin arasında 13 gün fərq yaranır).
Rəsmi olaraq Azərbaycanda telefon rabitəsinin yaradılması bu tarixdən hesablanır.
Azərbaycan Demokratik Respublikası (ADR) dövründə, əsasən, dövlət quruculuğu, ordunun formalaşdırılması və s. əhəmiyyətli məsələlər ön plana çəkildiyi üçün Rusiya imperiyasından miras qalmış rabitə sahəsinə xüsusi diqqət yetirilməyib. Amma bu dövrdə Azərbaycan rabitəsinin ilk rəsmi dövlət orqanı olan Poçt və Teleqraf Nazirliyi yaradılıb.
Bu dövrdə rabitə obyektlərinin bərpası, Azərbaycanla qonşu dövlətlər arasında rabitə əlaqələrinin yaradılması işləri həyata keçirilib. Rabitə sahəsində kadrların hazırlanması işinə də xüsusi diqqət yetirilib.
Sovet hakimiyyəti illərində Azərbaycan rabitəsi müxtəlif inkişaf dövrü keçib.
Bu dövrlər ərzində rabitə sahəsində müəyyən işlər görülsə də, 60-cı illərdə respublikamız bu sahədə İttifaqın digər respublikalarından çox geri qalıb. Yalnız 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra digər sahələrlə bərabər, rabitə də davamlı inkişaf yoluna qədəm qoyub.
Keçən əsrin 70-ci illərinin əvvəllərinə aid mənbələrin araşdırmalarının nəticələri göstərir ki, Heydər Əliyev respublika iqtisadiyyatının inkişafında nəqliyyat və rabitə sahəsinin roluna xüsusi əhəmiyyət verib. Heç təsadüfi deyil ki, ulu öndər hakimiyyətə gəlişinin elə ilk aylarında respublika və dünya üzrə rabitə sahəsindəki mövcud vəziyyətin, inkişaf tendensiyalarının, ölkəmizdə rabitənin inkişaf imkanlarının araşdırılması və yaxın gələcək üçün görüləcək işlər haqqında layihə sənədinin hazırlanması barədə tapşırıq verib. Hakimiyyətə gəlişindən bir il sonra, 1970-ci il iyun ayının 24-də hazırlanmış “Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı haqqında” sənədi Kommunist Partiyası Mərkəzi Komitəsinin bürosunda müzakirəyə çıxarılır və sənəd qəbul edilir.
Heydər Əliyevin rəhbərliyi ilə Mərkəzi Komitədə təsdiq olunmuş bu sənədin ən əhəmiyyətli cəhətlərindən biri mövcud vəziyyətin real qiymətləndirilməsi olub. Sənəddə, bu sahədə vəziyyətin orta Ümumittifaq göstəricilərdən xeyli aşağı və qeyri-qənaətbəxş olması qeyd edilir. Məsələn, göstərilir ki, respublikada sovxozlar 50%, kolxozlar isə cəmi 25% telefonlaşıb, rayon və kənd yaşayış məntəqələrində quraşdırılan stansiyaların böyük əksəriyyəti əllə kommutasiya olunan köhnəlmiş sistemlərdir və s.
Qeyd etmək lazımdır ki, bu sənəd mahiyyətcə rabitə sahəsi üzrə İnkişaf Proqramı olmaqla bərabər, həm də bir Fəaliyyət Planı idi. Sənəddə sahənin inkişaf strategiyasının müəyyənləşdirilməsi ilə bərabər, konkret iş qrafiki, məsul icraçı tərəflər, müddətlər, maliyyə mənbələri və s. göstərilirdi. Eyni zamanda sənəddə 1971-75-ci illərdə 16 rabitə qovşağı üçün binaların tikilməsi, şəhərlərin icraiyyə komitələri tərəfindən ATS binalarının inşa edilməsi, o cümlədən Bakıda hər il 1 ATS binasının tikilməsi, Rabitə Nazirliyi tərəfindən ATS avadanlıqlarının alınması və texnoloji avadanlıqların inşası, bütün bunlar üçün lazımi vəsaitin ayrılması və digər mühüm tədbirlərin həyata keçirilməsi kimi məsələlər yer alır.
Beləliklə, 1976-cı ildə təkcə Bakı telefon şəbəkəsinin gücü 1927-ci illə müqayisədə 20 dəfədən çox artıb və telefon Azərbaycan əhalisinin məişətinin ayrılmaz hissəsinə çevrilib.
1970-80-ci illərdə rabitənin inkişafı təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb, respublikanın digər bölgələrini də əhatə edib. Bu illərdə Gəncədə beşmərtəbəli xüsusi rabitə binası istifadəyə verilib, orada 8 min nömrəlik ATS, şəhərlərarası ATS, teleqraf və radio avadanlıqları quraşdırılıb, Sumqayıtda 9 min nömrəlik ATS, Naxçıvanda 5 min nömrəlik ATS inşa edilməklə yanaşı, digər şəhər və rayonlarda, kənd və qəsəbələrdə də ATS tikintisi aparılıb.
Rabitə Nazirliyinin 1974-1980-ci illərdə öhdəsinə ümumi gücü 164,4 min nömrəlik ATS-lərin tikintisi və montajı məsələləri qoyulub. Bununla əlaqədar qurumda yeni ATS-lərin tikintisi və istismara verilməsi planı təsdiq edilib ki, bu da rabitə sahəsində yeni nailiyyətlər əldə etməyə imkan verib.
Həmin illərdə poçt, teleqraf və teleradio proqramlarının yayımı sahələri də diqqətəlayiq inkişaf yolu keçib. Bakıda Dəmir yolu yanı Poçtamt binasının, Rabitə evinin, onlarla rayon mərkəzində rabitə qovşaqları üçün binaların, respublikanın müxtəlif bölgələrində 300-dən çox poçt şöbəsi binasının tikintisi o dövrdə reallaşıb.
1980-ci ildə respublikada montaj olunmuş telefon stansiyalarının tutumu 279,1 min nömrə, o cümlədən bunların 274,12 mini ATS sistemli olub.
Şəhər telefon şəbəkəsinin abunəçilərinin ümumi sayı 234,7 min olub ki, bu da 1975-ci ilə nisbətən 1,4 dəfə çox olub.
1979-cu ildə Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış komissiya tərəfindən Bakıda – köhnə Teleqüllənin yaxınlığında tikilməsi nəzərdə tutulan 310 metrlik Yeni Teleqüllənin layihəsi təsdiq edilib və 1981-ci ildə obyektin tikintisinə başlanıb. Buna baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən Yeni Teleqüllənin istismara verilməsi ləngidilsə də, ümummilli liderimiz Heydər Əliyevin respublikamıza ikinci dəfə rəhbərlik etdiyi dövrdə—1996-cı ildə xalqımızın istifadəsinə verilib.
Məlum səbəblərdən 1985-1993-cü illərdə rabitənin inkişaf sürəti kəskin zəifləyib.
Lakin 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkə rabitəsinin inkişafı yenidən prioritet sahələrdən birinə çevrilib və rabitənin inkişafında yeni bir mərhələ başlayıb. Ölkə rəhbərinin müdrik siyasəti nəticəsində tədricən bərqərar olan siyasi və iqtisadi sabitlik şəraitində respublikaya xarici investorlar cəlb olunub, rabitə sahəsinin inkişafında əsl dönüş də bundan sonra başlayıb.
1993-cü ildən başlayaraq xarici rabitə şirkətləri tərəfindən Bakıda, Sumqayıtda, Gəncədə və digər bölgələrdə müasir elektron tipli ATS-lər qurulub. “Aztelekom” İstehsalat Birliyində 2000 kanallı Beynəlxalq Telefon Stansiyası, 6150 kanallı respublikadaxili Şəhərlərarası Telefon Stansiyası, ilk mobil rabitə xidməti göstərən “Bakcell”, “Azərcell” və digər birgə müəssisələr yaradılıb.
Heydər Əliyevin diqqət və qayğısı sayəsində 1998-ci il rabitədə daha bir yeni səhifə açılıb. Həmin il ərzində respublikamızda 108 min nömrəyə yaxın tutuma malik elektron tipli müasir ATS-lər qurulub və istifadəyə verilib.
1993-2003-cü illərdə görülən işlər nəticəsində ölkənin telefon şəbəkəsinin 48,4 faizi, o cümlədən Naxçıvan Muxtar Respublikasının telefon şəbəkəsi 100 faiz elektronlaşdırılıb, əsas telefon aparatlarının sayı 1991-ci ildəki 611,5 min ədəddən bir milyon ədədə çatdırılıb, respublikamız Trans-Asiya-Avropa kabel magistralına qoşulub, Bakıətrafı kənd və qəsəbələrin hamısı telefonlaşdırılıb, bütün bölgələrin yaşayış məntəqələri telefon rabitəsi ilə təmin olunub, ölkə ərazisində internet xidmətlərindən istifadə etmək imkanı yaradılıb, telefon rabitəsi şəbəkəsində stansiyalararası rabitənin 80 faizi rəqəmli texnologiyalar əsasında təşkil edilib.
Azərbaycanda internet rabitəsinin inkişafı da Heydər Əliyevin bu sahədə müəyyənləşdirdiyi siyasətin əsas istiqamətlərindən biri olub. 1993-cü ildə Azərbaycanın yüksək domen adı – “.az” domeni ICANN-da (İnternetdə Domen Adların və ünvanların Verilməsi Təşkilatı) qeydiyyata alınıb və bir il sonra ölkədə internet saytları yaranmağa başlamışdır. Azərbaycan bir çox sahəvi beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqına (1992) və Ümumdünya Poçt İttifaqına (1993) üzv qəbul edilib.
Ölkədə İKT sahəsinin qanunvericiliyinin formalaşdırılmasına başlanılıb. 20 iyun 1997-ci il tarixli “Rabitə haqqında” və 3 aprel 1998-ci il tarixli “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunları sahə üzrə ilk əsas qanunvericilik aktları olub.
XX əsrin sonlarında, XXI əsrin əvvəlində Azərbaycanda rabitənin inkişafı istiqamətində atılmış ən mühüm addımlardan biri ulu öndər Heydər Əliyevin 17 fevral 2003-cü ildə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər)” təsdiq edilməsi haqqında sərəncamı olub və bu dövr ərzində respublikada İKT sahəsində reallaşdırılan siyasət məhz bu strategiyanın üzərində qurulub.
Heydər Əliyevin “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nı (2003-2012-ci illər) təsdiq etməsi ilə ölkəmiz BMT-nin müəyyən etdiyi Minilliyin tələblərinə müvafiq olaraq İKT sahəsi üzrə Milli Strategiya qəbul edən ilk ölkələr sırasında qərarlaşıb. Cənubi Qafqazda isə birinci olub.
İlk dəfə olaraq məhz bu sənəddə innovasiyayönlü inkişaf və biliklər iqtisadiyyatının formalaşdırılması zərurəti önə çəkilib. Bu strategiya İKT sahəsində həyata keçirilən fəaliyyətin əsas istiqamətlərini müəyyən edib və onun həyata keçirilməsi ölkədə informasiya cəmiyyətinin bərqərar olmasına əlverişli zəmin yaradıb.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün sürətlə inkişaf edən müasir dövlətdir və iqtisadi inkişaf templərinə görə dünya miqyasında lider ölkələrdəndir.

Hazırladı:
Əli SADIQOV,
“Respublika”.