Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu oyunların keçirilməsinə çox böyük töhfə vermişdir. Deyə bilərəm ki, bu Oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdur.
(Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən.)
Azərbaycanın çox minillik zəngin tarixində xanımlarımız həmişə öz müdrikliyi, kamilliyi, ərlərinin yanında olaraq qəhrəmanlığı, sülhsevər missiyaları ilə fərqlənib və qoca Şərqin ən parlaq qadın obrazlarını yaradıblar. Nağıllarımızda, dastlanlarımızda, yazılı ədəbiyyatımızda, tarixi sənədlərimizdə bizə bəlli, kifayət qədər zəngin və kamil qadın şəxsiyyətlərimiz var.
Lakin müasir dövrümüzdə – XXI əsrin əvvəllərində ölkənin birinci xanımı, taleyinə ümummilli liderimiz Heydər Əliyevin soyadını daşımaq nəsib olmuş Mehriban Əliyevanın çoxsahəli və dolğun fəaliyyəti ilə bu missiya daha da zənginləşdi və özünün ən yüksək zirvəsinə çatdı. Bu gün mübaliğəsiz demək olar ki, o, dünyanın ən tanınmış görkəmli xanımlarından biri və birincisidir. Onun çoxsahəli ictimai-siyasi fəaliyyətində UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti və başqa bu kimi məsuliyyətli və fəxr ediləsi missiyalar əsas yer tutur.
Mehriban xanım Əliyeva 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və 1996-cı ildə Azərbaycan, ingilis və rus dillərində işıq üzü görən “Azərbaycan-İrs” jurnalının təməlini qoyub. 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti, 2004-cü ildə Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildə isə partiya sədrinin müavini seçilib.
2004-cü ildə şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsinə görə UNESCO-nun, çoxşaxəli, genişmiqyaslı fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, təhsilə və islam dəyərlərinə verdiyi töhfələrə görə isə 2006-cı ildə İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Mehriban xanım Əliyeva 2005, 2010 və 2015-ci illərdə 3 dəfə dalbadal 14 saylı Xəzər seçki dairəsindən Milli Məclisə deputat secilib.
Onun 2004-cü ildə təsis və rəhbərlik etdiyi Heydər Əliyev Fondu dünyaşöhrətli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun yaratdığı milli dövlətçilik ideyalarının yeni nəsillərə çatdırılması və inkişaf etdirilməsi istiqamətində misilsiz işlər görür. Mehriban xanım Əliyeva eyni zamanda Azərbaycan-Amerika, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri, “Muğam” jurnalının təsisçisidir.
Azərbaycan mədəniyyətinin böyük himayədarı Mehriban xanım Əliyevanın ardıcıl səyləri nəticəsində UNESCO-nun xətti ilə Azərbaycanın tarixi abidələri, muğamlar, qopuz yaddaşımızın nişanəsi olan saz, tar dünyanın maddi-mədəni inciləri sırasına yazıldı. Ötən əsrin 20-ci illərində “Oxuma, tar” qadağası ilə öz yaddaşına qənim kəsilənlər böyük Üzeyir bəy Hacıbəyovun, Müslüm Maqomayevin və Mikayıl Müşfiqin, 50-ci illərdə isə Azərbaycanın birinci xanımının babası, professor Nəsir İmanquliyevin “Oxu, tar, səni kim unudar” nidası, Sadıqcanın, Əhsən Dadaşovun nadir ifaları, əsl sahibinin möhürünün vurulması faktı ilə Heydər Əliyev Fondunun prezidentinin adına yazıldı. Mehriban xanım Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və UNESCO-nun Baş katibi Koişiro Matsuuranın xeyir-duası ilə Dənizkənarı Milli Parkda Muğam Mərkəzinin təməlini qoydu.
Birinci xanımın xalqımız və dövlətimiz üçün gördüyü ən böyük işlərdən biri və bəlkə də birincisi onun Bakıda keçirilən ilk Avropa oyunlarında Təşkilat Komitəsinə rəhbərlik etməsidir. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev 29 iyun 2015-ci il tarixli sərəncamı ilə Mehriban Əliyevanı Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif etmişdir.
“Bakı-2015”-in 17 oyun günü, maraqlı və gərgin keçən yarışlar, idmançılarımızın parlaq çıxışı Azərbaycan xalqının ürəyincə oldu. Azərbaycan ötən 17 gündə 21 qızıl medal sevinci yaşayıb. Biz bu göstəriciyə görə yalnız Rusiyadan geri qalaraq ikinci yerə çıxdıq. Avropanın 49 ölkəsindən 48-ni geridə qoyaraq qitə ikincisi olmaq doğrudan da böyük şərəfdir.
Bağlanış mərasimində tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini, Bolqarıstan Prezidenti Rosen Plevneliyevi, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkini, Lixtenşteyn parlamentinin sədri Albert Friki, Avropa Olimpiya Komitəsinin, Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələrini, Avropa Olimpiya ailəsinin üzvlərini hərarətli alqışlarla salamladılar.
Tədbirdə birinci xanım Mehriban Əliyeva çıxış edərək dedi ki, ilk Avropa oyunları başa çatır. Ötən 17 gün Azərbaycanın tarixində əlamətdar və yaddan çıxmaz günlər oldu. Son 17 gün ərzində biz Avropa dövlətləri arasında birliyin, həmrəyliyin və dostluğun şahidi olduq.
Mən oyunlara və atletlərə verdiyi böyük dəstəyə görə Azərbaycan xalqına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Bütün xalq öz atletləri ilə qürur duyur. Onlar bütövlükdə 56 medal, o cümlədən 21 qızıl medal qazanmış, ümumi medallar cədvəlində isə ikinci yeri tutmuşlar. Azərbaycan atletləri, Sizin uğurunuz gələcək nəsillər üçün bariz nümunədir.
Daha sonra Mehriban xanım dedi ki, son 17 gün hər zaman xatirimizdə qalacaq. O, nəsillərə qalacaq, tariximizin yaddaqalan məqamı olacaq.
Atletlər, sağ olun!
Dostlar, sağ olun!
Azərbaycan, sağ ol!
Möhtəşəm tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir ki, mən bu gün Təşkilat Komitəsinin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Çünki Təşkilat Komitəsinin çox böyük və gərgin fəaliyyəti olmuşdur. Təbii ki, ictimaiyyət tam şəkildə bu fəaliyyətin nədən ibarət olduğunu bilə bilməz. Çünki Təşkilat Komitəsinin tədbirləri mütəmadi qaydada keçirilirdi. Ancaq ictimaiyyətə o qədər də geniş məlumatlar verilmirdi. Hər bir xırda məsələ üzrə bütün işlər ən yüksək səviyyədə görülmüşdü və məhz buna görə Oyunların keçirilməsində heç bir problem yaşanmadı.
Mən Təşkilat komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu tərkibdə bu Komitə ən yüksək nəticə göstərə bilər. Çünki burada həm təcrübə, həm peşəkarlıq və ən önəmlisi xalqa, dövlətə sevgi, məhəbbət var idi və var. Bu, ümumiyyətlə ölkəmizin əldə etdiyi uğurların əsas şərtidir. Bəzən məndən soruşurlar ki, Azərbaycan sürətlə inkişaf edir, baxmayaraq bölgədə, dünyada, bizim qitədə yaşanan proseslər o qədər də ürəkaçan deyil, nədir bunun sirri?
Bu barədə çox danışmaq olar. Ancaq mən hesab edirəm əsas məsələ ondan ibarətdir ki, biz dövlətimizi, xalqımızı hər şeydən çox sevirik.
İki il bundan qabaq (2014-cü il) Mehriban xanımın ad günü öncəsi Rusiyanın nüfuzlu “Moskovski komsomolets” qəzetində Janna Qolubitskayanın Azərbaycanın birinci xanımının yubileyinə həsr olunmuş “Mehriban Əliyeva həm öz ölkəsi, həm də başqa ölkələr üçün çox iş görür” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə deyilir ki, avqustun 26-da Azərbaycan Prezidenti İlham Əliyevin xanımı 50 illik yubileyini qeyd edir. Bu zərif, gənc qadını görəndə inanmaq çətindir ki, o, həqiqətən yarım əsrlik yubileyini qeyd edir, özü isə üç nəvənin nənəsidir! Heydər Əliyev Fondu yaradılandan bəri ona Azərbaycanın birinci xanımı rəhbərlik edir. Bu il may ayında fondun da 10 illiyi qeyd olundu. Bu illər ərzində fondun köməyindən təkcə doğma Azərbaycan deyil, Rusiya və digər dövlətlər də bəhrələniblər.
Mehriban Əliyeva Azərbaycanın birinci xanımı olmaqla bərabər, həm də dünyada ali dövlət təltiflərinə layiq görülmüş ilk qadındır. Axı Azərbaycan Prezidentinin xanımı fondun rəhbəri olmaqla həm öz ölkəsi, həm də başqa ölkələr üçün çox iş görür. Məsələn, avqustun 21-də Mehriban Əliyeva Küveyt Dövlətinin Qadın Məsələləri üzrə Komitəsinin sədri Şeyxa Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabahın imzaladığı Fəxri diplom ilə təltif edilib. Bu, Küveyt qadınlarının adından xarici ölkənin ictimai-siyasi xadiminə, üstəlik əcnəbi qadına verilən ilk mükafatdır.
Bu il birinci xanımın ad günü ərəfəsində yenə şad xəbər aldıq. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bolqarıstanın Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı seçilib.
Bu gün mənəvi sərvətlərimizin, xüsusən də kökü çox dərinlərə işləmiş muğam sənətimizin, Novruz bayramının, İçərişəhərin, Qobustanın, milli xalçalarımızın, tarın, Qız qalasının və s. bu kimi Azərbaycan rəmzi olan adət və ənənələrimizin, tarixi yaddaşlarımızın, milli rəmzlərimizin dünyada tanınması, təbliğ olunması və sevilməsi məhz Mehriban xanımın bu sahəyə göstərdiyi diqqəti sayəsində olmuşdur. Uşaqların, yeniyetmə gənclərin, gənc istedadların vətən və xalq üçün yetişməsi və tərbiyə olunması onun humanist və xeyirxah missiyasının aparıcı xəttidir. Bu, vətənə, xalqa şərəflə xidmət etməyin ən bariz nümunəsidir. Hələ illər öncə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi də uğurla həyata keçirildi. Ölkənin çox bölgələrində Avropa standartlarına cavab verən məktəblər, uşaq bağçaları tikilib istifadəyə verildi və işlər bu gün də davam etdirilir. Bütün bunlar məhz Heydər Əliyev Fondunun göstərdiyi birbaşa köməyin, qayğının sayəsində başa gəlmişdir. Yaradılmış yeni mühitdə xalq ruhunun, milli təfəkkürün formalaşması və inkişafı mütəmadi olaraq davam etdirilir. Bu xəttin uğurla inkişaf etdirilməsi qüdrətli dövlət başçısı İlham Əliyevin ölkədə yaratdığı sabitliyin, öz axarına saldığı rahat, mədəni həyat tərzinin, apardığı böyük quruculuq işlərinin, işıqlı sabahlara doğru inamla addımlaması sayəsində mümkün olmuşdur.
Birinci xanımın zəngin, səmərəli fəaliyyətinə dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən verilən ordenləri, təltifləri, mükafatları saymaqla qurtaran deyil: “Yüzilliyin mesenatları” Beynəlxalq Fondunun “Yaqut Xaç” ordeni, Polşa Respublikasının “Xidmətlərə görə”, Fransa Respublikasının “Şərəf legionu” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru, Pakistanın “Şəhid Bənazır Bhutto Qadın Mükəmməlliyi Mükafatı – 2013”, Azərbaycanın “Heydər Əliyev” ordeni
Lakin Mehriban xanım Əliyevanın ən böyük mükafatı Azərbaycan xalqının, bütövlükdə isə bəşəriyyətin işıqlı, mütərəqqi insanlarının sevgisi, ehtiramıdır…

Nəriman CAVADOV,
“Respublika”.

“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”.