Hər birimiz ideal cəmiyyətdə yaşamaq istəyərik, o cəmiyyətdə ki, hər kəs bir-birini sevsin, bir-birinə hörmət etsin, sülh hakim olsun, orada oğurluq, dələduzluq, yalan, pislik, sevgisizlik olmasın. Bu cəmiyyət lap keçmişdən bəri hər kəsin arzusu olub. Elə cəmiyyətdə nəinki yaşamaq, onun varlığını təsəvvür etmək belə necə xoşdur. Düzdür, bir çox insan belə cəmiyyəti “utopiya” adlandırıb və bunun varlığını mümkünsüz qəbul edib, ancaq insanlar istəsələr, hər şey mümkündür.
Hər birimiz dünyada yaşamağın nə qədər çətin olduğunu görürük. Hər gün xəbərlərdə, yaxud da canlı həyatımızda bunlara şahid oluruq. Terror hadisələrindən tutmuş cinayətlərə qədər dünyanın hər yerində xoşagəlməz hadisələr baş verir. Hərçənd insanlar bu halları sevməsələr də, bunları həyatın bir hissəsi kimi qəbul edirlər, sanki bunlar olmalıdır. Bu hadisələr bir çox insana adi gəlir. Ancaq bütün mənfi hadisələrin əsasında duran əsas səbəb vicdansızlıq, insanların Allaha imanının zəifliyidir. İstər dünya səviyyəsində olsun, istərsə məişət həyatımızda rastlaşdığımız adi hadisələr olsun. Məsələn, sizə bir nümunə verim. Bu yaxınlarda marketdə əldə paketlənmiş şirniyyat almaq istəyirdim, son istifadə müddətinə baxdım. İstifadə müddətinin göstərildiyi kağızın altında bir dənə də kağız vardı, aralayıb ona da baxdım, sən demə o şirniyyatın istifadə müddəti bitib. Amma onun üzərinə yeni kağız əlavə edərək insanlara satmağa çalışırlar. Bəs insanların belə davranışının səbəbi nədir? Daha çox pul qazanmaq üçün necə ola bilər ki, başqa insanların səhhətini nəzərə almırlar? Hətta dünya səviyyəsində necə olur ki, terror hadisələri nəticəsində bir anda minlərlə insanın canına qəsd edilir?
Yuxarıda saydığım bütün sualların cavabı vicdansızlıqdır. “Vicdan” sözünü eşitməyən insan, demək olar ki, yoxdur. Ancaq bəzi insanlar bu anlayışı çox məhdud mənada anlayır, məsələn, kiminsə çörəyinə bais olmamaq, çöldə qalmış sahibsiz heyvanlara yemək vermək, qocalara kömək etmək və s. Ancaq vicdan, sözün əsil mənasında, yaşamaq istədiyimiz gözəl cəmiyyətin əsasıdır, hər mövzuda mühümdür. Məsələn, bəzi insanlar var ki, əsas ailəsini düşünür, ailəsinin sağlam, rahat, təhlükəsiz mühitdə yaşaması üçün hər cür vasitəyə əl atır. Ailəsinə qazanc aparmaq üçün digər insanları təhlükəyə atmaqdan da çəkinmir, yuxarıda çəkdiyim marketdəki hadisə misalı kimi. Bu hərəkəti edən insandan və onların ailəsindən soruşsan, o bu hərəkətində heç bir qəbahət görməz, “hər kəs edir, mən niyə etməyim?” – cavabını verər. Bəs insanı belə davranışdan uzaq tutan nə ola bilər? Əlbəttə, Allah qorxusu, vicdan.
Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Maidə surəsi, 8)
Vicdanlı insan yalnız ailəsinə, yaxınlarına, qohumuna, millətinə, dövlətinə yaxşılıq edən insan deyil, vicdanlı insan Allah üçün bütün bəşəriyyətə qarşı məsuliyyət hiss edən, hər kəsə yaxşılıq edən, bütün dünyanın qurtuluşu üçün cəhd edən insandır. Vicdanlı insan hər davranışında və düşüncəsində Allah rizasını hədəf alan insandır, etdiyi yaxşılığın əvəzini insanlardan deyil, Allahdan gözləyən insandır. Vicdanlı insan pis əməldən də çəkinəndə bunu insanlara görə yox, Allaha görə ondan uzaq duran insandır. Vicdanlı insan etdiyi hər əməlin hesabını Allaha verəcəyini bilir, bu əməllərinin boşuna getməyəcəyindən, axirətdə hər şeyin qarşısına çıxacağından əmindir. Vicdanlı insan, hər şeydən öncə, qəlbində Allah sevgisi olan insandır, Allahı sevən insan Onun buyurduğu əxlaqı sevə-sevə həyatına tətbiq edən və Onun sevmədiyi davranışlardan da ehtiyatla uzaq duran insandır. Belə insanların cəmiyyətin həyatında artması necə gözəl olardı, o insanların ki, sən onların əxlaqına, ağlına, ədalətinə tam güvənirsən. Bu sayədə ideal cəmiyyət də formalaşar, hər kəs rahat yaşayar, arzuladığı cəmiyyəti görər.
Odur ki, daha gözəl cəmiyyətin qurulması üçün müxtəlif təkliflər verilsə də, bunun üçün cəhd edilsə də, bir çoxu uğurla nəticələnməmişdir. Çünki əsas problem – vicdansızlıq görməzlikdən gəlinib. İnsan hər nə qədər çox kitab oxusa, təhsil alsa, dünyanın müxtəlif mədəniyyətləri ilə tanış olsa da, əgər o insanda vicdan yoxdursa, onu cəmiyyət üçün “faydalı” insan adlandırmaq olmaz. Çünki o insan etdiyi davranışları yalnız oxuduqlarına və eşitdiklərinə görə müəyyən edir. Ancaq vicdanlı insan hər davranışında, ilk dəfə rastlaşdığı və təcrübəsi olmadığı hallarda belə gözəl əxlaq göstərəcək. Çünki o vicdanını – Allahın ona ilham etdiyi səsi eşidir və ona tabe olur. Bu səs isə hər birimizə eşitdirilir, sadəcə bunu eşitmək və o səsi həyata keçirmək lazımdır. Gözəl cəmiyyət istəyiriksə, vicdanlı insan olaq.
Xəyalə SƏFƏROVA